Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 25-ci ildönümü

23 fevral 2017 | 16:00

23 fevral 2017-ci il tarixdə Şuşa rayon İcra Hakimiyyəti, Xocalı rayon İcra Hakimiyyəti və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Şuşa və Xocalı rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov açmışdır. B. Səfərov bildirmişdir ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ən faciəli hadisələrdən biri Qarabağın qədim yaşayış məskəni olan Xocalıda dinc əhaliyə qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı olmuşdur. "Xocalıya ədalət" kampaniyası Forumunun Mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar səviyyəsində xeyli iş görüldüyü başçı tərəfindən diqqətə çatdırılmışdır. Beynəlxalq informasiya və təbliğat kampaniyası bir çox ölkədə tədbirlər və aksiyalar keçirmiş, Xocalı soyqırımı haqqında həqiqi məlumatların dünyada yayılmasına nail olmuş, ermənilərin törətdiyi bu vəhşi əməllər bəşəriyyətə qarşı cinayət kimi təbliğ edilmişdir. B. Səfərov BMT, Avropa Parlamenti, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda müxtəlif dövrlərdə əsl həqiqəti əks etdirən qətnamə və qərar qəbul olunduğunu xatırlatmış, lakin bütün

beynəlxalq hüququn norma və prinsiplərini pozan təcavüzkar Ermənistanın bu qətnamə və qərarlara əhəmiyyət vermədiyini diqqətə çatdırmışdır.

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək Xocalı soyqırımı zamanı xalqımızın başına gətirilən ağır faciələrdən söz açmış, qeyd etmişdir ki, Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır.

Rəsmi hissədən sonra tədbir Xocalı rayon Mədəniyyət Evinin nümayəndələrinin və Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının hazırladığı Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Sonda Xocalı soyqrımı haqqında film nümayiş etdirilmişdir.

 

Keçidlər