Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının V konfransı

11 oktyabr 2017 | 16:00

2017-ci il oktyabrın 11-də rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının V konfransı keçirilmişdir.

Tədbirdə Milli Məclisin deputatları Elman Məmmədov, Hadı Rəcəbli, rayonun icra strukturlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri, YAP fəalları, gənclər iştirak edirdi.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahındakı büstünün önünə gül dəstələri düzmüşlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanmışdır.

Yeni Azərbaycan Partiyasının yaranmasına həsr olunmuş videoçarx tədbir iştirakçıları tərəfindən maraqla izlənmişdir.

YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev məruzə ilə çıxış edərək partiyanın 25 il keçdiyi əzmkar yolundan, siyasi meydana çıxmasının mövcud ictimai-siyasi şəraitdən asılı olmasından danışmış, rayon təşkilatının fəaliyyəti haqqında geniş hesabat vermişdir. Yeni Azərbaycan Partiyasının Şuşa rayon təşkilatı rayon üzrə keçirilən bütün ictimai-siyasi tədbirlərdə yaxından iştirak edir. YAP Şuşa rayon təşkilatının Qadınlar Şurası və Gənclər Təşkilatı fəaliyyət göstərir. YAP Şuşa rayon təşkilatının üzvlərinin sayı 2143 nəfərdir. Ərazi İlk təşkilatlarının sayı 36-dır.

Sonra isə məruzələr ətrafında çıxışlar dinlənilmişdir. Milli Məclisin deputatlarıı Hadı Rəcəbli, Elman Məmmədov, Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şuşa rayon Təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva, Gənclər Təşkilatının sədri Yapon Hacıyev öz nitqlərində ölkədə hakim partiyaya çevrilən YAP-ın bu statusu qazandığı ilk gündən proqramında qarşıya qoyduğu vəzifələrin icrasına, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməsini qeyd etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov öz çıxışında ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə həyat və fəaliyyətini Azərbaycan Respublikasının inkişafına, dünya dövlətləri arasında layiqli yer tutmasına həsr etməsindən, millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşmasından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı uğurlu daxili və xarici siyasətindən, öz sıralarında yüz minlərlə üzvü birləşdirən YAP-ın əsl ümumxalq partiyasına

çevrilməsindən bəhs etmişdir. Bayram Səfərov Möhtərəm Prezidentimiz İlham Əliyevin ulu öndərin siyasi kursunu uğurla davam etdirməsini, bu gün ölkəmizin sosial-iqtisadi qüdrətinin günü-gündən artmasını, beynəlxalq tədbirlərə ev sahibliyi etməsini diqqətə çatdırmış, Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında Prezident İlham Əliyevin Ermənistan rəhbərliyinin çirkin əməllərini faktlarla ifşa edən tarixi çıxışının hər birimizdə böyük qürur hissi yaratdığını bildirmişdir.

Sonra Konfransın Qətnaməsi səsə qoyulmuş və qəbul edilmişdir.

Konfrans təşkilati məsələlərlə bağlı davam etmişdir. Təvəkkül Əliyev yenidən YAP Şuşa rayon təşkilatının sədri seçilmişdir. Rayon təşkilatının sədrinin 2 müavini, Şura üzvləri, Nəzarət Təftiş Komissiyasının üzvləri seçilmişdir.

Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş bir qrup gəncə partiyanın vəsiqələri təqdim edilmişdir.

İclasın sonunda YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərova təşkilatın işində yaxından köməklik göstərdiyinə görə öz təşəkkürünü bildirmiş və ona Partiyanın Fəxri Fərmanını təqdim etmişdir.

Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanmışdır.

 

 

Keçidlər