Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini radikalizm və ekstremizmlə mübarizədə islamın rolu” adlı tədbir

22 dekabr 2017 | 16:00

 

Dekabrın 22-də Şuşa rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şöbəsinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu, “Ramana-450” qəsəbəsində yerləşən Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbində “Dini radikalizm və ekstremizmlə mübarizədə islamın rolu” adlı tədbir keçirilib.

Tədbirdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov, Şuşa rayonunun Axundu Mirabdullah Həsənli, Şuşa rayon Malıbəyli kənd orta məktəbinin və Xankəndi şəhər 4 nömrəli orta məktəbinin X-XI sinif şagirdləri, həmin məktəblərin “Həyat bilgisi” fənnini tədris edən müəllimləri, psixoloqları, Uşaq birlik təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Azərbaycan övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə milli-mənəvi dəyərlərin və tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində Ümummilli lider Heydər Əliyevin ardıcıl və məqsədyönlü siyasətini uğurla davam etdirməsindən danışmışdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov Azərbaycanın tarix boyu digər xalqlara və millətlərə hörmətlə yanaşan, müxtəlif milli-

mənəvi dəyərlərin rahat bir şəkildə yaşandığı bir ölkə olduğunu, gənclər arasında islamın təbliğinin əhəmiyyətinə toxunaraq hər bir gəncin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini vurğuladı, tolerantlıq və qarşılıqlı hörmətin xalqımızın həyat tərzinə çevrildiyini, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətini qeyd etdi.

Şuşa rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva “Dini radikalizm və ekstremizmlə mübarizədə islamın rolu” mövzusunda çıxışında bildirib ki, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, milli-mənəvi dəyərlərin, ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması istiqamətində maarifləndirici tədbirlərin keçirilməsi zəruridir. Dini radikaizmlə mübarizədə maarifləndirmə işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyini vurğulayan G.Babayeva Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” filminin gənclərin maarifləndirilməsi, xalqımızın igid oğullarının ornək həyatının nümunə olması, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, ölkəmizdə radikalizmlə mübarizədə təbliğat vasitəsi kimi böyük təsir gücündən danışdı.

Şuşa rayonunun Axundu Mirabdullah Həsənli dini radikalizm, dini ekstremizm və onun fəsadları haqqında ətraflı məlumat verdi və dini radikalizmlə mübarizədə, milli-mənəvi dəyərlərin təbliğində əvəzsiz vasitə kimi islamın rolundan danışdı.

Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin direktoru Günəş Hüseynova milli-mənəvi dəyərlərin qorunmasına xidmət edən tədbirlərin gənclərimizin mənəvi ruhda yetişməsində böyük əhəmiyyəti barədə danışıb.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan və Vətən uğrunda canından keçən qəhrəmanlarımızın

əziz xatirəsinə həsr olunan ”Şəhadət” sənədli filmi nümayiş etdirilib.

 

 

 

 

Keçidlər