Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon İcra Hakimiyyəti başçısının 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

15 fevral 2019 | 16:00

 

15 fevral tarixində Şuşa rayon İcra Hakimiyyəti başçısının 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad etdilər.Sonra yığıncaq iştirakçıları foyedə düzülmüş stendlərdən Şuşa rayonu üzrə 2018-ci ilin yekunlarını əks etdirən statistik göstəricilərlə tanış oldular.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov, Milli Məclisin deputatlarıı Elman Məmmədov, Flora Qasımova iştirak edirdi. Yığıncağa İcra nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının və idarə, müəssisələrin rəhbərləri, ziyalılar, qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət olunmuşdur.

Fevral ayının 11-də Şuşa rayonunun Malıbəyli, Quşçular kəndlərinin, 17-də Xocavənd rayonunun Qaradağlı kəndinin və 26-da Xocalı faciəsinin erməni silahlı qüvvələri tərəfindən işğalının ildönümü ilə bağlı torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Yığıncaqda Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov hesabat məruzəsində yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət başçısının verdiyi tapşırıq və tövsiyələr barədə geniş məlumat vermiş, əldə olunmuş uğurlar, nöqsanlar və qarşıda duran vəzifələri geniş təhlil etdi. B.Səfərov bildirdi ki, Ümummilli lider Heydər Əliyevin siyasi

kursunu böyük uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, bütün sahələrdə müsbət göstəricilərə nail olmuşdur. Ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində yeni iş yerləri açılıb, əhalinin həyat səviyyəsi yüksəlib, məşğulluğu artıb, yoxsulluq azalıb. Məqsədyönlü və ardıcıl xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib.

Cənab Başçı öz məruzəsində Şuşa rayonu üzrə görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi. Təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin işi daim diqqət mərkəzində olmuş, bu sahələrin fəaliyyətini yaxşılaşdırmaq üçün zəruri tədbirlər həyata keçirilmişdir. Ötən tədris ilində XI sinfi bitirən məzunlardan 118 nəfəri ali məktəbə daxil olmaq üçün sənəd vermiş, onlardan 63 nəfəri tələbə adını qazanmışdır ki, bu da sənəd verənlərin 53.3 faizini təşkil edir. Ali məktəblərə qəbul olanlardan 9 nəfər 500-700 arası bal, 32 nəfər isə 300-500 arası bal toplamışdır.

B.Səfərov öz çıxışında vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələlərinin diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tarixi, əlamətdar günlər və yubileylərlə bağlı kütləvi tədbirlər keçirilib, ümumxalq bayramları, ayrı-ayrı peşə günləri qeyd olunub, müxtəlif sahələrdə fərqlənənlər mükafatlandırılıblar.

Hesabat məruzəsi ətrafında rayon Təhsil şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Məşğulluq Mərkəzinin direktoru Vəsilə Xəlilova, DSMF-nin Şuşa rayon şöbəsinin müdiri Sarı Bərxudarov, rayon İcra

Hakimiyyəti başçısının Şuşa şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Arif İbrahimov çıxış edərək, 2018-ci ildə aidiyyəti sahələr üzrə görülən işlərdən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışdılar.

Şuşa rayonunun Axundu Mirabdullah Həsənli, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, Gənclər və idman idarəsinin rəisi Nadir Bayramov, Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehdiyev, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov, Şuşa rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri Çingiz Əliyev, Sahib Musayev, Eynullah Ələkbərov, Əhəd Həsənov, Müşfiq İbişov, Əmirxan Qarayev çıxış edərək Başçının hesabatını yüksək qiymətləndirmiş, rayon İcra Hakimiyyətinə öz təşəkkürlərini bildirmiş, bəzi təkliflərini irəli sürmüşlər.

İclasda çıxış edənlər şuşalıların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətini dəstəklədiklərini, işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına inamlarını bildirdilər.

Milli Məclisin deputatı Elman Məmmədov və Flora Qasımova çıxış edərək, Şuşa rayonu üzrə əldə olunmuş uğurlardan, mövcud problemlərdən və onların aradan qaldırılması yollarından danışdılar, şuşalılara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov öz çıxışında 2018-ci ildə ölkəmizdə iqtisadi sahədə çox böyük uğurlar əldə olunmasından, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə 2018-ci ildə Azərbaycanın rəqabətqabiliyyətliliyinə görə 35-ci yerdə qərarlaşmasından, MDB məkanında lider mövqeyini qoruyub saxlamasından danışmışdır. A.Əhmədov bildirdi ki, 2018-ci ötən il ümumi daxili məhsul 1,4 faiz, qeyri-neft sektoru 1,8 faiz, sənaye istehsalı 1,5 faiz, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatları 3 milyard dollar məbləğində artaraq 45 milyard dollara

çatıb. Ölkədə 118 min daimi iş yeri açılıb. Sənaye istehsalı 1,5 faiz artıb, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb. İnflyasiya cəmi 2,3 faizdir, əhalinin pul gəlirləri 9,2 faiz artıb. Ölkə iqtisadiyyatına keçən il 17,2 milyard manat sərmayə qoyulub. Xarici borc 22,8 faizdən 19 faizə düşüb və bu da çox müsbət haldır. İxrac 36 faiz artıb. Keçən il ölkəmizə 2 milyon 850 min xarici vətəndaş gəlib. Bu, 6 faiz artım deməkdir. A.Əhmədov bildirdi ki, 5800-dən çox köçkün ailəsinə yeni evlər, mənzillər verilib. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib.

Yığıncağın sonunda Şura iclasının gündəliyində duran məsələ ilə bağlı müvafiq qərar, yığıncaq iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

Rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirak edənlər fəxri fərmanla təltif olundu.

 

 

 

 

 

Keçidlər