Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi və peşə bayramı qeyd edilmişdir

28 mart 2019 | 16:00

 

Martın 28-də Şuşa rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi və peşə bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Şuşa rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsalə Fətəliyeva, Əkbər Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin Qarabağ idarəsi, Şuşa rayon bölməsinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək, onlara müqəddəs işlərində uğurlar arzuladılar. Bildirdilər ki, Azərbaycan bütün sahələrdə böyük nailiyyətlər qazanır, Vətənimizin siyasi-iqtisadi nüfuzu və mövqeyi dünyada ildən-ilə daha da möhkəmlənir. Dövlət təhlükəsizliyi orqanları xalqın maraqlarının və təhlükəsizliyinin etibarlı qorunmasına layiqli töhfələrini verirlər. Azərbaycanın təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi ilə bağlı ölkənin bir çox şəhər və rayonlarında silsilə tədbirlər həyata keçirilir.

Göstərilən diqqət və qayğıya görə əməkdaşların adından minnətdarlığını ifadə edən Dövlət Təhlükəsizliyi Xidmətinin Qarabağ idarəsi, Şuşa rayon bölməsinin rəisi Anar Rüstəmov Azərbaycanın qüdrətli dövlətə çevrilməsi uğrunda məqsədyönlü və uğurlu siyasətin həyata keçirilməsində bundan sonra da şərəf və ləyaqətlə çalışacaqlarını bildirdi.

Şuşa Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, Şuşa rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Arif İbrahimov Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illik yubileyi münasibətilə rayon bölməsinin əməkdaşlarını təbrik etmiş, bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək səviyyədə fəaliyyətini xüsusi vurğulamışlar.

Tədbirin sonunda Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illik yubileyi münasibətilə Şuşa rayon əhalisinin ictimai həyatında və təhlükəsizliyinin təmin edilməsində fərqləndiklərinə görə DTX Şuşa rayon bölməsinin bir qrup əməkdaşı Şuşa rayon İcra Hakimiyyətinin fəxri fərmanına layiq görülüb və hədiyyələrlə təltif edilib

 

 

Keçidlər