Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər

24 fevral 2020 | 16:00

 

2020-ci il fevral ayının 24-də Şuşa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa Dövlət Musiqili Dram Teatrında Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı “Xocalı bizi səsləyir” adlı tədbir keçirilmişdir.

Tədbir iştirakçıları Teatrın foyesində Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnurə və Aygün İsgəndərovaların Xocalı faciəsini əks etdirən rəsmlərdən ibarət sərgisinə baxış keçirdilər.

Xocalı soyqırımında şəhid olmuş bütün Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirmişdir ki, erməni millətçilərinin son iki əsrdə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı nəticəsində xalqımız ağır faciələrlə üzləşmişdir. Azərbaycan xalqı tarixi torpaqlarından qovularaq, məcburi köçkün düşmüş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət edilmişdir. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri və Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayı silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Erməni qatillərinin törətdikləri kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirildi. 1275 nəfər dinc sakin əsir götürüldü. Bu qanlı faciə nəticəsində 487 nəfər Xocalı sakini yaralandı, 150 nəfəri itkin düşdü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Erməni təcavüzkarları bir gecədə bu şəhəri yer üzündən sildilər. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir.Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Xocalı faciəsi haqqında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. B.Səfərov qeyd etmişdir ki, bu gün Azərbaycan dövlətçiliyinin ən mühüm problemi ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağ problemini beynəlxalq hüquq və prinsipləri çərçivəsində sülh yolu ilə həll etməyə çalışır. İndiyə kimi Ermənistanın danışıqlar prosesində qeyri-konstruktiv mövqedən çıxış etməsi Qarabağ müharibəsinin sülh yolu ilə həll olunmasına mane olur. Cənab Prezident Qarabağ münaqişəsi ilə bağlı keçirdiyi bütün görüşlərdə Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bəyan edərək bildirir ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz. Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu, Azərbaycan dövlətinin, Azərbaycan xalqının, Prezidentimiz cənab İlham Əliyevin qəti və dəyişməz mövqeyidir.

Rəsmi hissədən sonra tədbir Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında “Xocalı bizi səsləyir” adlı ədəbi-bədii kompozisiya ilə davam etmişdir.

Şuşa rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş tədbirlər planına uyğun olaraq, rayonun idarə və müəssisələrində, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində də Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.

 

 

 

Keçidlər