Şriftin ölçüsü :

Saytın rəngi :

Həmyerlimiz Gülnaz Tağıyeva “Əməkdar Mədəniyyət işçisi” fəxri adına layiq görülüb

10 mart 2020 | 16:00

 

Azərbaycan Respublikasında mədəniyyət, təhsil və səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə bir çox şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib. Sevindirici haldır ki, həmin şəxslərdən biri də, “Əməkdar mədəniyyət işçisi” fəxri adını alan həmyerlimiz Gülnaz Tağıyevadır. Fəxri adları və medalları təqdimetmə mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva həmyerlimizə “Əməkdar mədəniyyət işçisi” döş nişanını və vəsiqəsini təqdim etmişdir.

Şuşanın musiqi mədəniyyətinin inkişafında uzun illər səmərəli fəaliyyəti ilə seçilən Gülnaz Xasay qızı Tağıyeva məlahətli səsi ilə bütün şuşalıların sevimlisidir. Uşaqlıq illərindən musiqiyə böyük maraq göstərən Gülnaz Tağıyeva öz istedadı ilə musiqisevərlərin diqqətini cəlb edib. O, Azərbaycan musiqisini, onun zəngin mədəniyyətini bu gün də layiqincə təmsil edir. Gülnaz Tağıyeva musiqi təhsilini inkişaf etdirərək, 1980-ci ildə Şuşa Mədəni-Maarif Texnikumunu və 1988-ci ildə Xankəndi Pedaqoji İnstitutunu bitirir. 1974-cü ildə Şuşa Mədəniyyət Evinin bədii rəhbəri, konsertmeyster kimi əmək fəaliyyətinə başlayır və hal-hazırda işini davam etdirir. Respublikada keçirilən bütün musiqi festivallarında fəal iştirak edən G.Tağıyeva dəfələrlə ən yüksək mükafatlara layiq görülüb. Belə ki, 1977-ci ildə “Zəhmətkeşlərin I Ümumittifaq” müsabiqəsinin laureatı, eyni zamanda,qızıl medalın sahibi olur. 1985-1987-ci illərdə “Azərbaycan Gənc Musiqiçilərinin müsabiqəsi”nin, 1989-cu ildə “Xarıbülbül” musiqi festivalının laureatı olub.1988-ci ildə “İlin ən yaxşı müğənnisi” adına layiq görülüb. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının “Döş nişanı” ilə təltif edilib. Şuşa musiqisinin, mədəniyyətinin inkişafında göstərdiyi səmərəli fəaliyyətə görə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin diplomuna layiq görülüb. 2018-ci ildə Sumqayıt RMİ-nin “İlin ən yaxşı mədəniyyət işçisi” fəxri diplomuna layiq görülüb.

Hazırda Gülnaz Tağıyeva Sumqayıt Regional Mədəniyyət idarəsinin Şuşa rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri, konsertmeysteridir. O, rayonun bütün ədəbi-bədii tədbirlərinin təşkilində fəal iştirak edir.

Biz də, bütün şuşalılar adından Gülnaz Tağıyevanı “Əməkdar Mədəniyyət işçisi” fəxri adı alması münasibətilə təbrik edir, arzu edirik ki, o gün olsun ki, doğma yurd yerimiz Şuşamızda, “Cıdır düzü”ndə hər yaz keçirilən “Mahnı bayramı”nda yenə həzin, məlahətli səsi ilə bütün şuşalıların qəlbini xoş avazıyla riqqətə gətirsin.

 

 

 

Keçidlər