Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub.

10 iyun 2020 | 16:00

İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub.

AZƏRTAC xəbər verir ki, bunlar paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir.

Beləliklə, daha üç modul tipli xəstəxana istifadəyə hazırdır. Bu, COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır. Əsas məqsəd koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir.

Prezident İlham Əliyevə məlumat verildi ki, üç modul tipli xəstəxanadan biri Bilgəh qəsəbəsindəki 28 saylı Bilgəh birləşmiş şəhər xəstəxanasına, digər ikisi isə Sumqayıtdakı 1 saylı şəhər xəstəxanasına və Abşeron rayonunun Saray qəsəbəsindəki xəstəxanaya təhkim olunub. Koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Palatalara ötürülən hava ventilyasiya qurğusu ilə təmizlənir.

Qeyd edək ki, ilk belə xəstəxana mayın 7-də paytaxtda istifadəyə verilib. Daha altı kompleksin isə bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həkim kollektivi ilə görüşdülər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı dedi:

-Möhtərəm cənab Prezident, bu gün 28 saylı birləşmiş şəhər xəstəxanasının nəzdindəki modul tipli xəstəxananın açılışında iştirak etdiyinizə görə Sizə bütün həkimlərin adından təşəkkürümüzü bildiririk. Eyni zamanda, bu gün Sumqayıt şəhər 1 saylı xəstəxananın və Abşeron rayonunun Saray qəsəbəsindəki xəstəxananın nəzdində fəaliyyət göstərəcək modul tipli xəstəxanaların da videoformatda açılışı olacaq.

Xəstəxanalar haqqında videoçarx nümayiş etdirildi.

Keçidlər