Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

25 iyun 2020 | 16:00

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu işi bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin dinamik inkişafı ordumuzun büdcəsinin artmasına, nəticə etibarı ilə Silahlı Qüvələrimizin döyüş arsenalının ən müasir silah və sürsatlarla təminatına şərait yaratmışdır.

Ordu hər bir ölkənin təhlükəsizliyinin qarantıdır. Tarix də dəfələrlə sübut edib ki, güclü, qüdrətli ordusu olmayan dövlət öz müstəqilliyini qoruyub saxlamaq iqtidarında deyil. Buna görə də hər bir azad, müstəqil dövlət öz ordusunun nüfuzu ilə tanınır. Qədim və zəngin dövlətçilik tarixinə malik Azərbaycanda da ordu quruculuğu daim prioritet məsələlərdən olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə ölkəmizdə ilk dəfə Əlahiddə Azərbaycan Korpusu yaradılmış və bununla da Milli Ordumuzun əsası qoyulmuşdur. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın hərbi nazirliyi də rəsmən ləğv olunmuşdur. Bundan sonra Azərbaycanda yeni milli ordunun formalaşdırılması tam 70 il sonraya təsadüf etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə isə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix – iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunmuşdur. 

1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin təkmilləşməsi prosesi yeni mərhələyə qayıtmış, ordu quruculuğu diqqət mərkəzində saxlanılmışdır. Qısa müddətdə ordumuzun strukturu tam formalaşdırılmış, bütün növ hərbi birləşmələr yaradılaraq komplektləşdirilmişdir. Eyni zamanda görkəmli dövlət xadiminin rəhbərliyi ilə ordunun qanunvericilik bazası yaradılmış, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edilmişdir. Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulmasına diqqət yetirilmiş, 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşulmuşdur. Hazırda Silahlı Qüvvələrimizin əsgərləri sülhməramlı qismində müxtəlif münaqişə zonalarında iştirak edirlər.

Bu gün hər birimiz ordumuzun gücü, qüdrəti ilə fəxr edirik. Ordumuzun döyüş və vətənpərvərlik ruhu, təmas bölgələrində düşmənin təxribat xarakterli hərəkətlərinə vaxtında layiqli cavab verilməsi hər birimizdə qürur hissi doğurur. Ölkəmizdə xalq-ordu birliyinin möhkəmliyi onu deməyə əsas verir ki, Azərbaycan əsgərinin xalqımıza qələbə sevincini yaşadacağı gün uzaqda deyil.

Keçidlər