Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın xarici siyasəti milli maraqlara və hücum diplomatiyasına əsaslanmalıdır.

17 iyul 2020 | 16:00

Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Bu baxımdan, müasir dövrdə Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanıb. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Azərbaycanın xarici siyasəti milli maraqlara və hücum diplomatiyasına əsaslanmalıdır” sərlövhəli məqaləsini təqdim edir.

Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Azərbaycan Prezidentinin dinamik, çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasəti

Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü zamanı çıxışında bildirib ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq, eləcə də pandemiyanın bəşəriyyəti bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı var. Bununla yanaşı, Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-nin üzvü olan 130-a qədər dövlət tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.

Bu mühüm hadisə onu təsdiq edir ki, artıq ölkəmiz təkcə regional məsələlər deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələrlə bağlı da öz sözünü deyir, qlobal təhlükələr zamanı mövqeyini ortaya qoyur.

Qeyd etmək lazımdır ki, 2020-ci ilin yanvar ayında 14-cü dəfə Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edən Prezident İlham Əliyev moderatorun “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?” sualına cavab olaraq Prezident İlham Əliyevin “Bakıya” cavabı böyük önəm kəsb edir.

Dövlət başçısının bu cavabı Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər zaman uca tutulduğu siyasət yürütdüyünün bariz nümunəsidir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın qonşu ölkələrlə münasibətləri dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslanır. Eyni zamanda, dövlət başçısı vurğuladı ki, Azərbaycan üçün onun milli maraqları həmişə birinci yerdədir və buna görə də müstəqillik illəri ərzində qazandığımız bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirdiyimizə görə əldə olunub. Azərbaycanın əldə etdiyi nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik hesabatlarında yüksək qiymətləndirilib.

Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə inkişaf etdirilir. Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə qazanıb. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan son illər ərzində sabit inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki fəaliyyəti ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq, bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilib.

2003-cü ildən başlayaraq, xüsusilə son 3 ildə Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişlənib. 2018-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəddə bir çox məsələlər öz əksini tapmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Həmçinin 2018-ci il iyulun 11-12-də Brüsseldə keçirilmiş NATO Zirvə görüşünün Yekun Bəyannaməsində də Alyans üzvlərinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək və hörməti öz əksini tapıb. Onlar regiondakı mövcud münaqişələrin məhz bu prinsiplər əsasında həll olunmasının zəruriliyini bildiriblər. Eyni zamanda, 2018-ci il avqustun 12-də Xəzər dənizinin hüquqi statusuna dair aparılan uzunmüddətli danışıqların nəticəsi olaraq, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri kimi qiymətləndirilməlidir. Bu Konvensiya ölkəmizin maraqlarının təmin edilməsi baxımından böyük diplomatik və siyasi uğurdur.

Bundan əlavə, Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və dövlətimizin başçısının bütün səyləri regionun inkişafına, sabitliyin qorunub saxlanılmasına yönəlmişdir. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Gürcüstan-İran və digər əməkdaşlıq formatları buna əyani sübutdur. Keçən dövr ərzində müxtəlif regional əməkdaşlıq formatları çərçivəsində öz təşəbbüskarlığı ilə seçilən Azərbaycan Respublikası ilk dəfə olaraq dövlət başçıları səviyyəsində keçirilmiş Azərbaycan-Rusiya Regionlararası Forumuna, həmçinin Azərbaycan, Gürcüstan, İran və Türkiyənin Xarici İşlər nazirlərinin birinci dördtərəfli görüşünə də ev sahibliyi edib.

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub. Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, TAP və digər layihələr Azərbaycanı qlobal iqtisadiyyatda özünəməxsus iqtisadi modelə malik ölkə kimi səciyyələndirir. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verməklə yanaşı, iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir. Eləcə də ölkəmiz Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın enerji diplomatiyası regional təhlükəsizliyə, beynəlxalq əməkdaşlığa və milli maraqlara xidmət edir.

Azərbaycanın Qərb dövlətləri, xüsusilə Amerika Birləşmiş Ştatları ilə həm siyasi, iqtisadi, enerji sahələrində, həm də təhlükəsizlik sahəsində münasibətləri çox mühüm əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında iştirak edən və fəal investisiya yatıran yeganə ölkədir. Bu mühüm qlobal layihələr onu göstərir ki, artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”. Nəticədə, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.

Həmçinin son 16 il ərzində “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumuna, Madrid Klubunun toplantısına, Birinci Cənubi Qafqaz Forumuna, Avronest Parlament Assambleyasının Avropadan kənarda keçirilən ilk iclasına, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasına və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən Bakı artıq dünyanın qlobal səviyyəli tədbirlərinin keçirildiyi mərkəzlərdən biri kimi qəbul olunur. Dövlət və hökumət başçılarının, Nobel mükafatı laureatlarının, dünyada tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu artıq ənənə halını almaqla yanaşı, digər möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan bir daha göstərdi ki, ölkəmiz Cənubi Qafqazda bütün sahələr üzrə müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu geosiyasi əhəmiyyətli məkandır.

Azərbaycan müsəlman aləmində də çox böyük hörmət, nüfuz qazanıb. İslam həmrəyliyi ilə bağlı atılan addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin apardığı siyasət, həm ölkə daxilində, həm də xaricdə bu istiqamətdə Azərbaycanın həyata keçirdiyi tədbirlər İslam aləmində həmrəyliyi, əməkdaşlığı və birliyi daha da möhkəmləndirir. Bu baxımdan, 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin paytaxtı seçilməsi heç də təsadüfi olmayıb.

Bununla yanaşı, 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirildi və ölkəmiz bu təşkilatda sədrliyə başladı. Məlum olduğu kimi, Azərbaycan Respublikası 2011-ci il mayın 26-da İndoneziyanın Bali adasında təşkilata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub. Azərbaycanın Hərəkata üzv olduğu 8 ildən artıq müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin daha geniş dairələrində məlumatlandırılması artıb, təşkilatın sənədlərində münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. 2019-cu il oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə görüşündə Ermənistan və onun havadarlarının bütün səylərinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atıldı, 120 dövlətin təmsil olunduğu Zirvə görüşündə Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail olundu. BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi Azərbaycanın böyük diplomatik uğurudur.

Bundan əlavə, son iki ildə ölkəmizin ev sahibliyi etdiyi, eləcə də dövlət başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyətli tədbirlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət kursunun son 16 ildə Prezident İlham Əliyev tərəfindən dinamik şəkildə və novatorcasına inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib. Bununla yanaşı, son vaxtlar həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.

Ermənistanın təcavüzkarlığının davam etməsi və Azərbaycana qarşı ikili standartlar siyasəti

1993-cü ildə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsa da, Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib. Bununla yanaşı, faşist ideologiyasına əsaslanan təcavüzkar siyasət, eləcə də münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Məqsəd danışıqları imitasiya üçün aparmaq, yəni vaxt uzatmaqla işğalçılıq siyasətini davam etdirməkdir.

1992-ci il martın 24-də ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupun 1997-ci ildən həmsədrləri (ABŞ, Fransa və Rusiya) münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıb. ATƏT-in Minsk qrupuna həmsədrlik edən böyük dövlətlər münaqişədə kimin haqlı olduğunu gözəl başa düşürlər. Bu baxımdan, ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilir. Lakin tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş həmsədrlər Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, Minsk qrupunun qəbul etdiyi sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Bundan əlavə, əgər münaqişə tərəfləri öz aralarında razılığa gələ bilirdilərsə, onda Minsk qrupunun yaradılması nə məqsəd daşıyırdı və bu qurumun keçən dövr ərzində apardığı çoxsaylı danışıqların mənası nə idi?

Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirib. Bu səbəbdən, beynəlxalq birlik təcavüzkarı öz adı ilə çağırmalı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən ətraf 7 rayondan etnik təmizləməyə məruz qalmış və öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların hüquqlarının bərpa olunmasına çalışmalıdır. Ancaq Minsk qrupu yarandığı vaxtdan indiyədək qəbul etdiyi sənədlərdə bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətindən nəinki danışılmır, əksinə, müxtəlif vaxtlarda digər beynəlxalq təşkilatların da işğal faktının əks olunduğu sənədlərin qəbul edilməsinə etiraz edərək məsələnin yalnız Minsk qrupu çərçivəsində həll edilməsinə üstünlük verib, daha doğrusu, Azərbaycanın işğal edilmiş əraziləri terminini qəbul etməyiblər. Bu cür mövqe Ermənistanı daha da şirnikləndirməklə yanaşı, açıq formada olmasa da, mövcud işğal rejiminin qorunub saxlanılmasına yönəlmiş dəstək kimi qəbul edilməlidir.

Belə ki, cəzasızlıq vəziyyətindən istifadə edən Ermənistan xarici işlər naziri Rusiya Federasiyasının Xarici İşlər nazirinin açıqlamasına cavab verərək Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirdi, indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar etdi. Bu siyasətin davamı olaraq iyulun 10-da Yerevanda keçirilən Təhlükəsizlik Şurasının iclasında Ermənistanın milli təhlükəsizlik strategiyasının müzakirəsi zamanı bu ölkənin bölgədə sülh və təhlükəsizliyə birbaşa hədə törədən təcavüzkar siyasəti baş nazirin dilindən növbəti dəfə etiraf edildi.

İşğalçı Ermənistanda sosial-iqtisadi və demoqrafik böhran, son illərdə baş verən hadisələr, xüsusilə insanlara qarşı güc tətbiq edilməsi, qan tökülməsi, məhkəmə qərarı olmadan insanların həbs edilməsi, İctimai TV-nin zəbt edilməsi, sabitsizlik, xaos və s. məsələlərin üzərindən heç nə olmamış kimi keçilməsi acı təəssüf doğurur. Ermənistanda indiki hakimiyyətə alternativ olmaq istəyən siyasi təşkilatlar daim təzyiq altındadır, siyasi fəallar həbs olunur, hakimiyyətin mövqeyini tənqid edən media, QHT-lər qapadılır, fəal jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri həbs olunur. Ermənistan rəhbərliyi artıq ölkədə bütün sosial dayaqlarını itirib. İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən təcavüz aktı ictimai fikri ölkədaxili problemlərdən, eləcə də işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf 7 rayondan yayındırmaqla yanaşı, Ermənistanın açıq şəkildə işğalçılıq siyasətini davam etdirdiyini nümayiş etdirir.

Ermənistan danışıqlar adı ilə imitasiya ilə məşğuldur. Buna rəvac verən ATƏT-in Minsk qrupunun mücərrəd və ənənəvi bəyanatları elə status-kvonu qoruyub saxlamağa çalışan Ermənistanı hər dəfə bir az daha da şirnikləndirir. Azərbaycan-Ermənistan sərhədində baş verən təcavüz aktından sonra ayın 13-də ATƏT-in Minsk qrupunun verdiyi ənənəvi bəyanat bunun bariz nümunəsidir. Ona görə ATƏT Minsk qrupu təcavüzkarı öz adı ilə çağırmalı, onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını birmənalı şəkildə tələb etməlidir. Əks təqdirdə, onların tərəfsiz vasitəçiliyi şübhə altındadır.

Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüququn normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır.

Lakin XX əsrin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və açıq-aşkar işğalçılıq siyasəti beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması, başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Belə ki, dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın əsas vəzifəsi kimi “beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək” nəzərdə tutulur. Bununla yanaşı, Ermənistan bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozub. Beynəlxalq hüququn normalarının ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.

Dövlət başçısı son vaxtlar dəfələrlə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmi dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi. Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı bəyan edib ki, erməni xalqı öz müqəddəratını artıq təyin edib və onların erməni dövləti var: “Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”

“Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan edən dövlət başçısı İlham Əliyev Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib. Eyni zamanda, Prezident İlham Əliyev dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Ermənistanın təcavüzünə məruz qalıb məcburən köçkün düşmüş azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar.

Dövlət başçısı son müsahibəsində bir daha vurğuladı ki, Azərbaycan dövləti ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adını çəkməyi, o cümlədən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Prezident İlham Əliyev bildirib ki, bu gün faktiki olaraq danışıqlar prosesi getmir. Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur və bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupu həmsədrlərinə BMT Nizamnaməsini oxumağı xatırlatmaqla yanaşı, bildirib ki, Azərbaycan danışıqları imitasiya üçün aparası deyil: “...Danışıqları mahiyyət üzrə aparmaq istəyirik, indi onlar bir söz çıxarıblar – substantiv danışıqlar. Özləri bu sözü çıxarıblar, aydındır bunun mahiyyəti nədir - bəli, mahiyyət üzrə danışıqlar formatı dəyişmədən və masa üzərində olan danışıqlar predmetinə əlavə etmədən...Əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. Bax, biz Minsk qrupundan bunu gözləyirik və öz mövqeyimizdə möhkəm dayanmışıq, haqq-ədalət bizim tərəfimizdədir. Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın”.

Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dünya birliyi Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, münaqişənin ədalətli həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında təcavüzkarın açıq-aşkar anneksiya siyasətinə son qoyulması üçün təsirli tədbirlər görməli, eləcə də Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarının qarşısını almalıdır. Eyni zamanda, münaqişənin sülh yolu ilə həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında təcavüzkar sülhə məcbur edilməli və açıq-aşkar anneksiya siyasəti yürütdüyünə görə Ermənistana təzyiqləri artırmalı, işğalçılıq siyasətinə son qoyulması üçün qəti praktik addımlar atmalı və təcavüzkarı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər. Əks təqdirdə, dövlətimizin BMT-nin Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququ vardır və bundan istifadə edəcək.

Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması, eləcə də Qarabağ haqqında həqiqətlərin daha dolğun, real faktlara və mənbələrə əsaslanaraq obyektiv şəkildə istər Azərbaycan, istərsə də dünya ictimaiyyətinə çatdırılması olduqca zəruridir. Bu baxımdan, ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüz siyasətinin, erməni təbliğatının ifşası üçün əlaqələndirilmiş şəkildə fəaliyyət göstərmək lazımdır. Eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycan ziyalıları, diplomatları və ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalı, faşizmi qəhrəmanlaşdıran və terrorizmi dövlət səviyyəsində dəstəkləyən Ermənistanın təcavüzkar siyasətinin bütün dünyada ifşa olunmasına nail olmalıyıq. Məqsəd son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bir daha belə halların təkrar olunmamasına çalışmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə, onun ağır nəticələrinin aradan qaldırılmasına, o cümlədən ərazi bütövlüyümüzün bərpa olunmasına nail olmaq və ölkəmizin milli maraqlarını qorumaqdır.

Keçidlər