Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində hərbi təxribatı dünya ictimaiyyəti tərəfindən pislənməlidir.

16 iyul 2020 | 16:00

43 partiya sədrinin imzaladığı Birgə Bəyanatda birmənalı şəkildə bildirilir: “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik."

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Şücaətli, qorxmaz Ordumuzun düşmənə layiqli cavabından sonra cinsindən, yaşından, statusundan, məşğuliyyət növündən asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman hər bir Azərbaycan vətəndaşı bir nəfər kimi hər zaman Ali Baş Komandanla, şərəfli tarixi olan Ordumuzla qürur duyub, güvənib, dəstəkləyib, ətrafında sıx dayanacağını nümayiş etmişdir. Və bu gün fəxrlə deyə bilərik ki, dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideya - azərbaycançılıq, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında birləşməsi prosesi uğurla davam edir.

Ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyalar da bu prosesdən geri qalmamışlar, milli həmrəylik nümayiş edərək, praktiki olaraq Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif proqramı, platforması, fərqli məqsədi və məramı olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq, həmrəylik nümayiş etdirmiş və Ali Baş Komandanın yanında olduqlarını bəyan etmişlər. Partiya sədrləri imzaladığı Birgə Bəyanatda birmənalı şəkildə xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyib.

Milli dövlətçilik tariximizdə ilk dəfə olaraq məhz ümummilli liderimiz Heydər Əliyevin simasında siyasi prinsiplərlə milli-mənəvi meyarlar vəhdət şəklində təzahür etmişdir. Heydər Əliyevin rəhbərliyi ilə dünya azərbaycanlılarını doğma Vətənə xidmət edən mütəşəkkil qüvvəyə çevirmək yolunda dövlət səviyyəsində mühüm işlər görülmüşdür. Milli ideologiya reallığı dərk etmək imkanlarını formalaşdırır, soydaşlarımız arasında mənəvi birlik yaradır, ümumi məqsəd ətrafında birləşməyə təkan verir. Məhz buna görə də fəaliyyətimizdə milli həmrəyliyin təmin olunmasına maksimum səy göstəririk. Milli həmrəylik konkret bir xalqın təmsilçilərinin ümumi ideya və məqsədlər uğrunda birgə mübarizəsini stimullaşdıran, onları vahid istiqamətə səfərbər edən amillərin təsiri ilə ortaya çıxan ictimai xarakterli hadisədir. Bu gün Azərbaycanı Dövlət səviyyəsində ön planda olan və hər birimizi narahat ədən əsas problemi Qarabağ məsələsidir və məhz indi işğalçı düşmənin terrorundan, yalan və böhtanlarından Vətənimizi qorumaq üçün bizim həmrəy olmağımız olduqca vacibdir, çünki hər birimiz bu ölkənin vətəndaşıyıq, hər birimiz Qarabağlıyıq ! Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva söylədiyi kimi : “ Qarabağ işğaldan azad olunanadək hər birimiz Qarabağlıyıq ! ”

Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi dünya mədəniyyətinin ən qiymətli səhifələrindən biridir. Yüksək mədəni dəyərlərə, humanist ideyalara əsaslanan, dərin fəlsəfi məzmuna və estetik əhəmiyyətə malik olan, insanlara məhəbbət, dostluq, ədalət, gözəllik hisslərini aşılayan irsimizin öyrənilməsi, mənimsənilməsi, təbliği və inkişafı, ilk növbədə xalqımızın bütün dünyada tanınması və müstəqil dövlətimizin tərəqqisi baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda baxışımızı düşmən tərəfə yönəltdiyində işğalçı Ermənistanın vəhşiliklərindən bəhs edən filmləri, qəzetləri, jurnali və kitabları görürük, çünki bu gün dünya arenasında yaranmış ümumi fikir bundan ibarətdir ki - hər bir xalqın mədəniyyəti, onun tarixi keçmişi və milli şüurudan ibarətdir. Ermənistan isə tarix boyu özünəməxsus olmayan torpaqlar, mədəniyyət amilləri və s. kimi dövləti təmsil edən ünsürləri mənimsəmək arzusu ilə yaşayıb.

Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur. Ordumuz dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir.

Vətəndaşlarımız təbliğat işlərini davam edərək ermənilərin vəhşi əməllərini dünyaya göstərməli, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq, Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində xaincəsinə hərbi təxribati dünya ictimaiyyəti tərəfindən pislənməlidir.

Hər bir məcburi köçkün ata - baba yurduna qayıtmaq gününü gözləyir. Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər bir Azərbaycan vətəndaşı torpaqların müdafiəsi uğrunda döyüşə hazırdır. Fəxr edirik ki, iki gün ərzində 9000 – ə qədər gənc könüllü olaraq döyüş bölgəsinə getmək istəklərini bildirmişdir. İnanırıq ki, Qələbə bizim olacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və Azərbaycan bayrağı Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilanda dalğalanacaq ! Xalq Ölkə başçısının yanındadır və yalnız onun göstərişlərinə əsasən düşmənə qarşı addım atmalıdır.

                   Əziz, qardaş və bacılar, Biz birlikdə güclüyük!

YAP Şuşa Rayon Qadınlar təşkilatının sədri: Vüsalə Fətəliyeva

Keçidlər