Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir.

30 iyul 2020 | 16:00

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu ölkədəki ordu quruculuğu işində də özünü qabarıq göstərməkdədir. Bu, heç şübhəsiz, şəxsən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısının, tələb və tövsiyələrinin nəticəsidir. Ölkədə ordu quruculuğu işinin prioritet elan olunması nəticəsiz qalmamışdır. Ordu quruculuğu işində aparılan islahatlar, vaxtında və yüksək səviyyədə həyata keçirilən tədbirlər bu vacib qurumda zəruri irəliləyişlərin əldə olunması üçün stimul rolunu oynamışdır. Hərbi qulluqçuların sosial və məişət şəraitinin daim yaxşılaşdırılması, aylıq vəzifə maaşlarının dəfələrlə artırılması, təhsil, təlim və tibb sahəsində yeni metodların tətbiq olunması gözlənilən yüksək nəticələrə rəvac vermişdir. Son bir neçə il ərzində Silahlı Qüvvələrin hərbi qulluqçularına geniş yaşayış sahəsinə malik yüzlərlə mənzillərin orderlərinin paylanması şəxsi heyət arasında ruh yüksəkliyi yaradan amillərdən biridir. Son illər Azərbaycanın ordu quruculuğu sahəsində həyata keçirilən bir sıra tədbirlərin

Mərkəzi Klinik Hərbi Hospitalın Cərrahiyyə Korpusunun, və Ümumqoşun Təlim Mərkəzinin açılış tədbirlərində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəxsən iştirak etməsi, bir tərəfdən dövlət rəhbərinin ordumuza inam və etimadının ifadəsidirsə, digər tərəfdən də dövlətin bu mühüm və vacib sahəyə xüsusi önəm verməsinin ifadəsidir. Ümumiyyətlə, Ali Baş Komandanın respublikanın müxtəlif bölgələrinə, xüsusilə cəbhə xəttində yerləşən hərbi hissələrə müntəzəm baş çəkməsi, yeni korpusların açılış mərasimlərində şəxsən iştirak etməsi və bir sıra hərbi hissələrə Döyüş Bayrağı təqdim etməsi şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin cəbhə bölgəsində, səngərdə vətənin keşiyində dayanan əsgər və zabitlərlə şəxsən maraqlanması, onların hərbi xidmət şəraiti ilə yerindəcə tanış olması, birbaşa səngərdən cihazlar vasitəsilə düşmənin üzbəüzdəki mövqelərini müşahidə etməsi hərbi qulluqçuların xidmətdə uğur qazanması üçün stimul rolunu oynayan faktlardandır. Cənab Ali Baş Komandan xidmətdə fərqlənən hərbi qulluqçulara elə səngərdəcə medallar və qiymətli hədiyyələr təqdim etməklə, əsgər və zabitlərlə birlikdə çay süfrəsi arxasında əyləşməklə və onlarla səmimi söhbət etməklə Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində, əsgər və zabitlərimizdə qələbəyə olan inam hissinin artmasında mühüm rol oynamışdır. Təsadüfi deyil ki, ordu quruculuğu işinə daim böyük diqqət və tələblə yanaşan Ali Baş Komandan belə tədbirlərin birində demişdir: "Ordu quruculuğunda işlər uğurla davam edir. Ordumuz güclənir. Bu sahəyə xüsusi diqqət var. Ümumiyyətlə, cəmiyyətdə bu sahəyə böyük diqqət olmalıdır. İnsanlarımız, gənc nəslimiz vətənpərvərlik ruhunda tərbiyə edilməli, böyüməlidir. Hər bir vətəndaş çalışmalıdır ki, orduya kömək etsin, orduya öz dəstəyini versin".

Azərbaycanın dövlət büdcəsində hərbi xərclər birinci yeri tutur. Göründüyü kimi, dövlətin əsas məqsədi real əməllə, yenilik və islahatlarla xalqın etimadını qazanmaq və doğrultmaqdır. Yalnız belə bir Prezidentin iradəsini ifadə etdiyi xalqın gücünə, qüdrətinə güvənməyə haqqı çatır. Elə məhz bu səbəbdən də Ali Baş Komandanın bölgələrə, xüsusilə cəbhə xəttində yerləşən hərbi hissələrə hər səfəri böyük bir təntənəyə, böyük bir irəliləyişə və bayrama çevrilir.

Dövlətin orduya qayğısı artdıqca bu mühüm və strateji sahədə əldə olunan uğurların miqyası da genişlənir. Bu gün Azərbaycanın ordu quruculuğu planlı surətdə həyata keçirilir. Qoşunların döyüşə və səfərbərliyə hazırlığı, döyüş və mənəvi-psixoloji üstünlüyü idarəetmə orqanlarının təşkili, maddi-texniki təminat və digər əsas direktiv sənədlər vasitəsilə gerçəkləşdirilir. Silahlı Qüvvələrin bütün növlərində, hərbi hissə və birləşmələrdə komanda-qərargah təlimləri və real döyüş şəraitinə yaxınlaşdırılmış səhra təlimləri planlı surətdə keçirilir, qoşunların döyüşə və səfərbərliyə hazırlığı daim yüksək səviyyədə nəzarət altında saxlanılır. Əsas komanda-qərargah vəzifələrinə peşəkar, mənəvi, psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsinə malik peşəkar zabitlərin təyin olunması hərbi hissələrdə xidmətin səviyyəsini ikiqat artırmışdır.

Silahlı Qüvvələrin fəaliyyətinin əsas istiqamətlərindən biri də onun beynəlxalq əlaqələrinin genişləndirilməsi və qabaqcıl dünya dövlətlərinin təcrübəsindən bəhrələnərək inkişafından ibarətdir. Bu gün Azərbaycan zabitləri NATO-nun mənzil qərargahında və müxtəlif komandanlıqlarında ölkəmizi uğurla təmsil edirlər.

İnanırıq ki, hərbi qulluqçularımız xalqın və dövlətin etimadını qazanmaq yolunda əllərindən gələni bundan sonra da əsirgəməyəcək, qazanacağımız böyük uğurlara yüksək döyüş hazırlığı ilə öz töhfələrini verəcəklər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi hər bir Azərbaycan əsgəri üçün həyat amalıdır.

Azərbaycan Ordusunun əldə etdiyi uğurların arxasında, heç şübhəsiz, ölkə Prezidenti, Silahlı Qüyvələrimizin Ali Baş Komandanı İlham Əliyevin gərgin əməyi və davamlı qayğısı dayanır. Bu qayğı, əlbəttə böyük tələb və etimadla müşayiət olunur. Ölkəmiz üçün taleyüklü tarixi məsələlərin həllinə yönəlmiş bu münasibəti Azərbaycan ordusunun şəxsi heyəti də dərindən dərk edir. Odur ki, gecə-gündüz əldə silah yurdumuzun keşiyində dayanan hərbçilərimiz şəxsən Ali Baş Komandanın və xalqımızın etimadını doğrultmaq üçün bundan sonra da əlindən gələni edəcək, ölkənin işıqlı sabahı və bütövlüyü naminə öz döyüş hazırlıqlarını daim artıracaqlar.

Keçidlər