Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın dövlət terrorizmi və soyqırımı siyasəti bütün dünyanın gözü qarşısında davam edir

26 oktyabr 2020 | 16:00

Ermənistanın hərbi təcavüzü nəticəsində 2020-ci il sentyabrın 27-dən bu günədək 15-dək dinc əhaliyə qarşı törədilmiş beynəlxalq cinayətlər onu təsdiq edir ki, Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və dövlət terrorizmi siyasəti 30 ildən artıqdır ki, bütün dünyanın gözü qarşısında davam edir. Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 60 nəfərə yaxın insan həlak olub, 300-ə qədər çox mülki insan yaralanıb. Bundan başqa, sentyabrın 11-də Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından xeyli kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması nəticəsində 5-ü qadın olmaqla 10 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb (onlardan 10 nəfəri məktəblidir). Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn bütün prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc azərbaycanlı mülki əhaliyə qarşı cinayət əməllərini törətməkdə davam edir. Oktyabrın 15-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinin Tərtərdə dəfn mərasimi zamanı qəbiristanlığı atəşə tutması nəticəsində 4 nəfər həlak olub, 4 nəfər xəsarət alıb. Oktyabrın 17-də gecə saat 1-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 52 dinc sakin xəsarət alıb, 13 nəfər həlak olub ki, onların arasında 4-ü qadın, 3-ü azyaşlı uşaqlar da var.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

E.Əhmədov deyib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsa da, Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib. Bununla yanaşı, faşist ideologiyasına əsaslanan təcavüzkar siyasət, eləcə də münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Məqsəd danışıqları imitasiya üçün aparmaq, yəni vaxt uzatmaqla işğalçılıq siyasətini davam etdirməkdir.

Törətdiyi təxribatlara və terror aktlarına görə cəzasız qalan işğalçı ölkə iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisində növbəti hərbi təxribat yaratdı. Bununla düşmən ictimai fikri ölkədaxili problemlərdən, eləcə də işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf 7 rayondan yayındırmaqla yanaşı, açıq şəkildə işğalçılıq siyasətini davam etdirməyə hədəflənmişdi. Təbii ki, Ermənistan öz çirkin məqsədinə çatmaq üçün fürsət gözləyirdi.

Bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdular. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz təxribata cavab olaraq, işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Müzəffər ordunuz düşmənin layiqli cavabını verir və xalqımız bütünlüklə Ali Baş Komandanın ətrafında səfərbərdir və öz Liderinə inanır.

Professor vurğulayıb ki, torpaqlarımızın azadlığı uğrunda qüdrətli ordumuzun şanlı tarix yazması insanlarda böyük ruh yüksəkliyi yaradıb. Azğın və xəyanətkar düşmənə sarsıdıcı zərbələr endirilir, ərazilərimiz işğalçılardan təmizlənir. Cəbrayıl və Füzuli şəhərlərinin, eləcə də bir sıra yaşayış məntəqələrimizin işğalçılardan azad edilməsi, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin ələ keçirilməsi xalqımıza böyük inam bəxş edib.

“Ancaq biz nəyin şahidi oluruq? Son 19 gün ərzində, təcavüzkara qarşı heç bir təzyiq nəinki yoxdur, dünya birliyi Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini bütün dünyanın gözü qarşısında baş verən bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşır, xüsusilə, onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxması tələbini qoymurlar. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev sentyabrın 27-dən bu günə qədər Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulduğunu bildirib. Dövlət başçısının da qeyd etdiyi kimi, Ermənistan bu qədər silah-sursatı, texnikanı necə əldə edə bilib. İqtisadi cəhətdən zəif bir ölkə Azərbaycan tərəfindən qənimət götürülən və dəyəri 2 milyard dollar olan texnikanı haradan alıb və ya bu silahı onlara kim verib?”, - deyə Elçin Əhmədov əlavə edib.

Onun sözlərinə görə, Ermənistan bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozub. Beynəlxalq hüququn normalarının erməni sayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir. Bununla yanaşı, Ermənistan BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasını ratifikasiya edib. Lakin buna baxmayaraq, uşaqlara qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir, istər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata keçirir. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarının və İnsan hüquqlarının müdafiəsi, eləcə də fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

E.Əhmədov deyib: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır, bunu hər kəs və bütün dünya bilməlidir. Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Qeyd etmək lazımdır ki, Ermənistanın faşist ideologiyası və terroru dövlət siyasətinə çevirməsi danılmaz faktlarla sübut edilir və uzun illərdir ki, bu, bütün hakimiyyətlər dövründə davam etdirilir. Ona görə də dünya birliyi ikili standartları kənara qoyub Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, münaqişənin ədalətli həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında təcavüzkarın açıq-aşkar anneksiya siyasətinə son qoyulması üçün təsirli tədbirlər görməli, eləcə də Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarının qarşısını almalı və təcavüzkarı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər. Bu səbəbdən dünya birliyi Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi beynəlxalq cinayətlərə laqeyd qalmamalı, bu ölkənin cinayətkar rəhbərliyi məsuliyyətə cəlb olunmalı və törətdiyi qəddar əməllərə görə cavab verməlidir. Əgər bunu beynəlxalq birlik etməyəcəksə, Azərbaycan özü cinayətkarları cəzalandıracaqdır”.

O vurğulayıb ki, Prezident İlham Əliyev dəfələrlə beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib. Bu baxımdan, dövlətimizin BMT-nin Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququ var və bundan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!

Keçidlər