Şriftin ölçüsü :

Saytın rəngi :

Xalçaçı rəssam Lətif Kərimov - 115

17 noyabr 2021 | 16:00

Noyabrın 16-da Azərbaycan Milli Xalça Muzeyində Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin on birinci ili və görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun 115 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri açan Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bu qədim milli sənətin dünya miqyasında tanınması kimi mühüm hadisənin Azərbaycanın mədəniyyət və incəsənətinin təbliğində misilsiz xidmətləri olan Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə baş tutduğunu vurğulayıb. O, rəhbərlik etdiyi muzeyin xalçaçılıq sənətinin inkişafı, qədim xalçatoxuma texnikalarının dirçəldilməsi, onların əsasında milli və ümumbəşəri əhəmiyyətli xalça nümunələrinin yaradılması istiqamətində yeni-yeni layihələr reallaşdırdığını bildirib.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kubra Əliyeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov, Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva çıxış edərək görkəmli alim Lətif Kərimovun həyat və yaradıcılığı, Azərbaycan xalça sənətinin inkişafında misilsiz xidmətlərindən danışıblar.
Tədbirdə muzeyin Ənənəvi texnologiya şöbəsində ilk dəfə xovlu və bütün xovsuz xalçatoxuma texnikalarını tətbiq etməklə toxunan unikal “Narlı” xalçasının, həmçinin “Sor-sor” xalçasının və çiyi palazın təntənəli şəkildə qədim ənənələrə uyğun dəzgahdan kəsimi həyata keçirilib.
Toxucudan yüksək peşəkarlıq tələb edən  “Narlı” xalçası 8 ay müddətində toxunub. Bu nadir sənət əsərinin yerliyində bərəkət, cənnət meyvəsi və uzun ömürlülük rəmzi olan nar ağacı verilib. Ağacdakı hər nar müxtəlif xovsuz xalça texnologiyasında toxunub və onun üzərindəki naxış həmin texnikalar üçün səciyyəvidir. Belə ki, narlar palaz, çiyi-palaz, kilim, qədirqə, ladı, şəddə, vərni, zili və sumax, nar gülləri – xovlu, ağacın gövdəsi – zili texnikasında işlənilib.
Ənənəvi texnologiya şöbəsinin fəaliyyətinin istiqamətlərindən biri də muzeyin kolleksiyasında qorunan nadir eksponatların replikalarının hazırlanmasıdır. Tədbirdə kəsimi həyata keçirilən belə nümunələrdən biri italiyalı xalça kolleksioneri Erminio Bottininin 2020-ci ildə muzeyimizə hədiyyə etdiyi, 1811-ci ildə Şirvanda toxunmuş məşhur “Sor-sor” namazlıq xalçasının replikasıdır. Mükəmməl kompozisiya quruluşu, orijinal nümunə ilə eynilik təşkil edən rəngləri, ahəngdarlığı ilə gözoxşayan xalça 3 ay müddətində toxunub.
Qədim rəngləri ənənələrə uyğun şəkildə təqdim olunan digər sənət nümunəsi isə çiyi palazdır. Çiyi adlanan palazlar orijinal və mürəkkəb hazırlanma texnikasına malikdir. Belə ki, sadə palazın toxunması zamanı arğaca müəyyən ardıcıllıqla naxış əmələ gətirən rəngli sapla kiçik həndəsi ornamentlər əlavə edilir. Yaşayış yerlərində çiyi palazdan əsasən divar bəzəyi, pərdə və örtük kimi istifadə olunub.
Qeyd edək ki, tədbirdə vokalist Çinarə Məlikzadənin ifasında mahnı səslənib, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin ansamblı bir neçə rəqs nömrəsi ilə çıxış edib.

 

 


 

Keçidlər