Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ

Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, milyonlarla insanın taleyində əks olunmuşdur. 1988-ci ildə təhrikçilik yolu ilə başlanmış bu münaqişə hələ də özünün düşmənçilik xarakterini saxlayır, çünki erməni tərəfi bunu    antaqonist münaqişə hesab edir və “ya hər şey, ya heç nə” prinsipi üzrə hərəkət edir. Münaqişənin açıq, presedent fazasından əvvəl adi gözlə görünməyən, geniş ictimaiyyətə məlum olmayan hadisələr baş vermişdir. Münaqişənin bu gizli, latent fazası Sovet İttifaqında erməni ictimaiyyətinin müəyyən hissəsinin və xaricdəki erməni diasporunun çoxillik fəaliyyəti sayəsində geniş miqyas almışdır. Erməni tərəfi münaqişəli vəziyyəti illər boyu gərginləşdirir, öz niyyətinin etnokratik xarakter daşımasını dərk edirdi. Etnokratizm ermənilərin öz məqsədlərinə başqa xalqların hesabına nail olmasını nəzərdə tuturdu. O, ilhaqçılıq, Azərbaycan SSR-in 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistan SSR-ə birləşdirmək məqsədi güdürdü. Uzun illər boyu sıravi insanların şüurunun ilhaqçılıq (“miatsum”) ideyası ilə zəhərlənməsi 1987-ci ilin payızında Yerevanda keçirilən mitinqlərdə üzə çıxdı. Həmin mitinqlər zamanı DQMV-nin Ermənistan SSR-ə verilməsi barədə açıq tələblər səsləndi. Beləliklə, münaqişə insident mərhələsinə keçməyə başladı. Daxili dinamikaya malik olan bu proses məntiqi şəkildə qan tökülməsinə, ərazi ekspansiyası ideyasını dəstəkləməyən böyük insan kütlələrinin faciəsinə doğru aparan hadisələrin get-gedə daha tez-tez baş verməsi ilə səciyyələnirdi.

1987-ci ilin noyabr ayında akademik Aqanbeqyan “Humanite” qəzetinə  verdiyi qalmaqallı müsahibədə erməni etnokratlarının fəaliyyətini dəstəklədi. Bu müsahibə bir növ rəmzi məna daşıyır və onu göstərirdi ki, erməni mənşəli sovet elitasının bir hissəsi Sovet İttifaqında xalqların birgəyaşayışına dair rəsmi normalara açıq-aşkar məhəl qoymur. Etnokrat Z.Balayanın 1985-ci ildə Ermənistanda erməni və rus dillərində çap edilmiş “Ocaq” kitabı yalnız ictimaiyyət tərəfindən pislənilmiş əlamətdar bir epizod idisə, Aqanbeqyanın bəyanatı bu cür hərəkətlərin və bəyanatların açıq-aşkar sistemli hal almasına keçiddən xəbər verirdi.

1987-ci ilin noyabr ayında münaqişə kütləvilik səviyyəsinə çatır: Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların qovulması kampaniyası başlanır. 1920-ci ildən sonra ilk dəfə idi ki, Cənubi Qafqazda yeganə “təqsiri” başqa etnik mənşəli olmasından ibarət olan insanlar fəlakətlər girdabına düşürdü. 1988-ci il yanvarın axırlarında Qafan rayonunda bircə nəfər də azərbaycanlı qalmamışdı. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanın başqa rayonlarında yaşayan azərbaycanlıların da aqibəti belə oldu. Beləliklə, 1988-1990-cı illərdə vektoru dəqiq bəlli olan – azərbaycanlılar Azərbaycana, ermənilər Ermənistana getməlidir - tələblə çox böyük insan kütlələrinin yerdəyişməsi  başlanır. O vaxta qədər həyat tərzlərinin və mədəniyyətlərin aşağı səviyyədə qarşılıqlı təsiri barədə danışmağa imkan verən etnik adda-buddalıq sürətlə aradan qalxır.

1988-ci il fevralın 13-də DQMV-nin mərkəzində Qarabağ məsələsi barədə ilk nümayiş təşkil edildi. 1988-ci il fevralın 16-dan martın 2-dək DQMV-də mitinqlər təşkil olunur. Buna cavab olaraq, fevralın 19-da Bakıda nümayiş keçirilir. Azərbaycan və erməni cəmiyyətlərində geniş yayılmaqda olan mübarizə ideyası “cəbhəçi tipli” şəxslərin fəallaşması üçün əlverişli şərait yaradır. Siyasi cəhətdən təcrübəsiz kütlələlərin və mitinq başçılarının bu birliyi XX əsrin 80-90-cı illərinin qovuşağında siyasətin peripetiyalarını müəyyənləşdirir. Məhz 1988-ci ilin əvvəllərində etiraz əhval-ruhiyyəsinin kəskin güclənməsi müşahidə olunur, çünki erməni etnokratları sosial narazılığı milli narazılıqla əvəz etməyə və kütləvi şüuru xəyalpərəstlik və dözümsüzlük istiqamətinə yönəltməyə müvəffəq olurlar.

Etnokratların və kriminalların dayağı olan DQMV Xalq Deputatları Soveti 1988-ci il fevralın 20-də vilayətin Ermənistana birləşdirilməsi təklifinin lehinə səs verdi. Martın 22-də müttəfiq respublikanın – Azərbaycanın bir dövlət kimi bütövlüyünü dağıtmağa yönəlmiş xüsusi ictimai struktur – “DQMV-nin Ermənistan SSR-lə birləşdirilməsi uğrunda Komitə” yaradılır. Martın 5-də bu qurum “Krunk” adı ilə qeydiyyata alınmışdı. Münaqişənin ilhaqçı təbiəti Yerevanda “Qarabağ” Komitəsinin təsis edilməsində də öz əksini tapmışdır. 1988-ci il fevralın 21-də Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi “Dağlıq Qarabağ hadisələri haqqında” qərar çıxarır. Bu sənəddə Vilayət Sovetinin qərarı “millətçi elementlər tərəfindən təhrik edilmiş” aksiya adlandırılır. 1988-ci il martın 24-də Moskva “1985-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında” qərar qəbul edir. Rəmzi xarakter daşıyan bu qərarda DQMV-nin Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olması vurğulanırdı.

1988-ci il iyunun 14-də Ermənistan Ali Soveti DQMV-nin Ermənistan SSR-in tərkibinə “daxil edilməsinə razılıq” verir. 1988-ci il iyunun 17-də Azərbaycan SSR Ali Soveti buna cavab olaraq əks qərar qəbul edir: DQMV respublikanın tərkibində qalır. 1988-ci il iyulun 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti hər hansı başqa qərarın pozucu olmasını dərk etdiyindən,  Azərbaycan SSR-in və Ermənistan SSR-in milli-ərazi bölgüsünün dəyişdirilməsinin mümkün olmaması barədə məntiqli qərar qəbul edir. SSRİ Ali Soveti SSRİ Konstitusiyasında (maddə 78) təsbit olunmuş müddəadan çıxış edirdi. Konstitusiyaya görə, “müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz”.

İstər münaqişənin bu müharibə ərəfəsi mərhələsində, istərsə də sonrakı dövrdə Azərbaycan tərəfi mənəvi baxımdan haqlı idi. O, status-kvonu - Azərbaycan və erməni millətlərinin hərtərəfli inkişafına əsla mane olmayan inzibati ərazi bölgüsünü müdafiə edirdi. Qeyd etmək yerinə düşər ki, DQMV-nin sosial inkişafının əsas göstəriciləri həm Azərbaycan SSR-in, həm də Ermənistan SSR-in orta respublika səviyyəsindən yüksək idi.

Azərbaycanın siyasi elitası dövlətçiliyin qorunması mövqelərindən çıxış edirdi, lakin onun  şəxsiyyət potensialı vəziyyətin dramatikliyinə uyğun deyildi. Heydər Əliyevin - çoxmillətli cəmiyyətə rəhbərlik təcrübəsinə malik olan  bu dövlət xadiminin respublikada olmaması münaqişənin inkişafına və onun aralıq yekunlarına bilavasitə təsir göstərirdi.

SSRİ-nin ümumi dövlət orqanı zəiflədikcə, DQMV-də azərbaycanlı və erməni icmalarının barışdırılmasına yönəlmiş bütün tədbirlər heçə enirdi. Bu baxımdan, Xüsusi İdarəetmə Komitəsinin (XİK, 12 yanvar – 28 noyabr 1989-cu il) fəaliyyəti uğursuzluqla nəticələndi. SSRİ ilə ABŞ arasındakı  “soyuq müharibə” bu vəziyyəti daha da mürəkkəbləşdirirdi. 1989-cu il iyulun 19-da ABŞ Senatı “Sovet Ermənistanı xalqının arzusuna uyğun olaraq,  Dağlıq Qarabağa dair mübahisənin sülh yolu ilə tənzimlənməsinə ABŞ-ın köməyi haqqında” qətnamə qəbul etdi. 1989-cu il noyabrın 19-da ABŞ Senatı “Sovet İttifaqı ilə ikitərəfli diskussiyaların gedişində Dağlıq Qarabağ ətrafında münaqişənin ədalətli, həqiqətən bu vilayətin xalqının baxışlarını əks etdirən tənzimlənməsinə kömək etmək” arzusunda olduğunu bəyan edir. SSRİ-də yeni yaranmaqda olan hüquq müdafiə hərəkatı, xüsusən “Memorial” təşkilatı erməni separatçılarını birmənalı şəkildə müdafiə edir və haqlı olaraq belə hesab edir ki, bu, adi himayədarlıqdan daha əhəmiyyətlidir.

1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında” görünməmiş bir qərar qəbul edir. 1990-cı il yanvarın 9-da Ermənistan Ali Sovetinin sessiyası DQMV-nin sosial-iqtisadi inkişaf planını respublikanın 1990-cı il üçün planına daxil edir. 1990-cı il mayın 20-də DQMV-də Ermənistan SSR Ali Sovetinin DQMV-dən olan deputatlarının seçkisi keçirildi. Bütün bu hadisələr Ermənistanın ilhaqçılıq mövqeyi tutmasına artıq şübhə yeri qoymurdu. Sonralar bu mövqe yalnız ört-basdır edilmişdi. 1990-cı ilin may ayında Ermənistanda keçirilən parlament seçkilərində Erməni Ümummilli hərəkatı qalib gəldi. Separatçıların hakimiyyətə gəlməsi yalnız bir məqsəd güdə bilərdi – “yenidən birləşmə” və “millətin öz müqəddəratını təyin etmək hüququ” şüarları altında təcavüzkar müharibə. Mahiyyət etibarilə Ermənistanda problemlərin zor işlətməklə həll edilməsi üsullarını təbliğ edən militokrat etnokratiya hakimiyyətə gəlmişdi.

“Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında” 1989-cu il 1 dekabr tarixli qərar Azərbaycanla Ermənistan arasında soyuq müharibənin genişlənməsinə və buna müvafiq surətdə təcavüzkarlara kütləvi nifrətin güclənməsinə səbəb olmaqla xalqlar arasında münasibətlərdə çox ağır nəticələrə gətirib çıxardı. Əslində, bu, münaqişə zonasının keyfiyyətcə genişlənməsi, onun yayılması demək idi. 1990-cı ildə Bakıda baş vermiş məlum yanvar hadisələrindən sonra Kremlin və şəxsən prezident Qorbaçovun nüfuzu heçə enməyə başladı.

Yanvarın 21-də Heydər Əliyevin Moskvada verdiyi ifşaedici bəyanat  Azərbaycan dövlətçiliyinin böhranının aradan qaldırılmasına yönəlmiş intellektual mənalar konsentratını cəmiyyətə açıb göstərdi. Bakıda baş vermiş yanvar hadisələri Azərbaycan elitasının yeni siyasi dünyagörüşü mövqeyinə keçidi ilə əlamətdar oldu – kəskinləşməkdə olan münaqişə beləcə yeni proqram məqsədlərinin formalaşmasını sürətləndirdi. 1990-cı ilin yanvarında Azərbaycan SSR-in əvvəlki rəhbərliyinin iflasa uğraması böyük bir imperiya məkanında sinfi beynəlmiləlçilik ideyaları üzərində qurulmuş siyasətin qeyri-adekvat olmasının rəmzi idi. Yeni ideoloji paradiqma Azərbaycanın millət-dövlət vəziyyətinə keçməsini təmin etməli idi. Lakin Azərbaycanın yeni rəhbərləri yeni siyasətə keçid məsələsində gecikir, hadisələrin gedişinin sürətləndirilməsində səhvlərə yol verirdilər. Lakin  siyasi uzaqgörənliyi, zaman və məkan hissinin yaxşı inkişaf etməsi ilə fərqlənən, hadisələrin gedişini fəal təhlil etməyi bacaran, hər bir hadisənin arxasında dövlətin sərt subyektiv iradəsinin dayanmalı olduğunu başa düşən Heydər Əliyev bu dövrdə məcburi istefada idi.

SSRİ Ali Sovetinin qərarına əsasən yaradılmış DQMV üzrə Respublika Təşkilat Komitəsi lap əvvəldən uğursuzluğa məhkum idi – bu, indi daha aşkar görünür, - çünki həmin komitə obyektiv olaraq özünü qoruyub saxlamaqda maraqlı olan ümumittifaq sisteminin get-gedə zəifləyən  imkanlarına əsaslanırdı. Buna baxmayaraq, Təşkilat Komitəsi 1990-cı il yanvarın 20-dən başlayaraq, DQMV-nin siyasi-hüquqi və psixoloji məkanını addım-addım fəth edir, əhalini etnik dözümsüzlük xülyalarından xilas edirdi. Ümumittifaq dövlətçiliyini qəti şəkildə dağıtmış 1991-ci ilin avqust hadisələrindən sonra bu komitənin fəaliyyəti sakitcə heçə endi. Qorbaçovun ikiüzlü və riyakar siyasəti yeni siyasi reallıq “quruculuğunun” elementlərinə çevrildi. 1991-ci ilin payızında bu siyasət Azərbaycan millətinə heç bir fərəhli perspektiv vəd etmirdi.

1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında “Dağlıq Qarabağ Respublikası” (DQR) elan edildi. Buna cavab tədbiri kimi, 1991-ci il noyabrın 23-də Azərbaycan Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. Lakin Qorbaçovun son əməli olan “SSRİ Dövlət Şurası” 1991-ci il noyabrın 27-də Azərbaycanın həmin qərarının Konstitusiyaya zidd olduğunu elan etdi. 1991-ci il dekabrın 10-da “DQR”-də erməni icmasının müstəqilliyi barədə əvvəlcədən proqramlaşdırılmış referendum keçirildi. 1992-ci il yanvarın 6-da monoetnik “Dağlıq Qarabağ Respublikası”nın müstəqillik bəyannaməsi elan edildi. Erməni separatçılar bu qərarı qəbul etməklə soyuq müharibəni heç bir günahı olmayan azərbaycanlıların və Yerevanın təcavüzkar xülyalarının girovlarına çevrilmiş ermənilərin kütləvi şəkildə həlak olmasına gətirib çıxaran “qaynar mərhələyə” keçirdilər.

1992-ci və 1993-cü illərin hərbi kampaniyası dövründə Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdi. Nəticədə bir milyondan artıq insan Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldı.

Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı artiq tarixi zərurət idi. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri dəvət etdi. Hələ 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan dəyərli ziyalıları Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər.
1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Bu isə daxili və xarici düşmənlərimizin bütün planlarının pozulmasının başlanğıcı oldu. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və bölgədə hələ də davam edən qiyamın və qardaş qırğınının qarşısını aldı.
1993-cü ilin iyun ayının 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində müstəqilliyimiz tarixində əslində böyük bir faciənin qarşısı alınmış, məhz onun səyləri nəticəsində respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilmiş, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyularaq təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs elan olunmuşdur.
    Heydər Əliyev yeni neft strategiyasının nəticəsi kimi təzahür edən "Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmiş, 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.
    Vaxtında atılan bu addımlar böhran həddinə çatmış ölkə iqtisadiyyatını yenidən hərəkətə gətirmiş, iqtisadiyyatın canlanması Azərbaycan Respublikasının beynəlxalq aləmdə siyasi nüfuzunun artmasına və daha qətiyyətli addımların atılmasına səbəb olmuşdur.

Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəni parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir.
    Dahi Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra onun iqtisadi-siyasi kursunu davam etdirə biləcək layiqli varis yetişdirməsidir. 2003-cü ildə böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilən İlham Əliyev ötən 17 il ərzində ulu öndərin təməlini qoyduğu siyasi-iqtisadi kursunu qloballaşan dünyanın tələblərinə uyğun olaraq inam və ardıcıllıqla davam etdirir. Onun rəhbərliyi ilə Azərbaycan dünyada böyük nüfuza, iqtisadi gücə malik ölkə kimi tanınır. Ölkəmiz iqtisadi artım tempinə görə dünya ölkələri sırasında lider mövqedədir. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, - deyən cənab İlham Əliyev, doğrudan da, hər bir azərbaycanlının Prezidenti oldu.
    Cənab Prezident İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən vurğulayıb ki, Azərbaycanda Heydər Əliyev siyasi-iqtisadi inkişaf kursu davam etdiriləcək. Ən böyük nailiyyət isə torpaqlarımızın düşmən işğalından azad edilməsi oldu. Ali Baş Komandan, 
Prezident İlham Əliyev öz zəfər nitqində qeyd etdi ki: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim"

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Silahlı Qüvvələrimizdən söz düşmüşkən, bir məqamı xüsusi vurğulamaq istərdik. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.

Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu fakti­ki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanın­da əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi rüsvayçı şəkildə uduzmaq oldu. Bununla da Silah­lı Qüvvələrimiz “Ermənistan ordusunun nəğlubedilməzliyi” mifini darmadağın etdi. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.

Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayo­nun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.

Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi.

Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.

 

Keçidlər