02.04.2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərovun Sabunçu rayonu, "Ramana-1512" məcburi köçkün şəhərciyində məskunlaşmış rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir
02 aprel 2026 | 17:23
Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə 02.04.2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərovun Sabunçu rayonu, "Ramana-1512" məcburi köçkün şəhərciyində məskunlaşmış rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Görüşdə çıxış edən RİH başçısı Bayram Səfərov bildirmişdir ki, Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən on il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad etmişdir. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Aprel döyüşlərinin böyük zəfərin başlanğıcı olduğunu qeyd edən RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş doğma yurd yerlərimizdə, o cümlədən Şuşada aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən geniş həcmli sosial və infrastruktur layihələrindən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışmışdır. İstər ölkə vətədaşları, istərsə də ölkəmizə səfər edən insanlar işğaldan azad olunan ərazilərimizə səfər edərkən böyük quruculuq işlərini görür və bu hər kəsi sevindirir. Azərbaycanda ötən illər ərzində hər bir sahədə müsbət irəliləyişlərə nail olunması bir daha deməyə əsas verir ki, ölkədə dayanıqlı inkişaf uğurla təmin edilmişdir.
İcra başçısı səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilmişdir.






