"COVİD-19" profilaktik tədbirlər
Vətəndaşların nəzərinə!
Azərbaycan höküməti tərəfindən aparılan müəyyən profilaktik tədbirlərlə əlaqədar 15 mart 2020-ci il tarixdən - 15 iyun 2020-ci il tarixinədək Şuşa Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu müvəqqəti olaraq məhdudlaşdırılır. Xahiş edirik, müraciətlərinizi RİH-in rəsmi saytına, facebook səhifəsinə yönləndirəsiz. Bütün müraciətlər elektron şəkildə ən qısa zamanda cavablandırılacaqdır.
Əhalinin nəzərinə!
Son günlər mövcud karantin rejimi qaydalarının əhali tərəfindən kütləvi surətdə pozulması ölkənin bir sıra bölgələrində sanitar-epidemioloji vəziyyətə ciddi təsir göstərmiş, virusa yoluxanların sayı artmışdır. COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərara alınmışdır.
2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).
Azərbaycan Respublikası ərazisində yeni nov koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş və son günlərdə virusa yoluxma sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib.
Ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilmişdir. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcəkdir.