03.06.2025-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon əhalisi ilə növbəti səyyar görüşü keçirildi
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Şuşa rayon əhalisinin müvəqqəti məskunlaşdığı respublikanın müxtəlif rayonlarında mütəmadi olaraq səyyar görüşlər keçirir. 03.06.2025-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon əhalisi ilə növbəti səyyar görüşü keçirildi. Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov ölkəmizin bütün bölgələrində, o cümlədən, Şuşa rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bütün sahələrdə əldə olunmuş nailiyyətlərdən, görülmüş abadlıq-quruculuq işlərindən danışdı və bütün bunların vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərdən biri olduğunu qeyd etdi. Bayram Səfərov mayın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin və Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirakının Mədəniyyət paytaxtımız Şuşanın əvvəlki simasının bərpa edilməsi yolunda atılan növbəti mütərəqqi addım olduğunu bildirdi. Səyyar görüşdə sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma və digər məsələlərlə əlaqədar problemləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olundu, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.