05 mart 2026-cı il tarixdə Şuşa Humanitar Kollecdə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdi
05 mart 2026-cı il tarixdə Şuşa Humanitar Kollecdə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, RİH başçının müavini Vüsalə Fətəliyeva, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Orta təhsil müəssisələri ilə iş üzrə sektor müdiri Zeynəb Hüseynova, xalq artistləri Vamiq Məmmədəliyev və Zamiq Əliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim heyəti, rayonun ümumtəhsil müəssisələrinin müəllimləri iştirak etmişdir. Tədbirdə çıxış edən Şuşa RİH başçısı Bayram Səfərov, başçının müavini Vüsalə Fətəliyeva, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Orta təhsil müəssisələri ilə iş üzrə sektor müdiri Zeynəb Hüseynova, xalq artistləri Vamiq Məmmədəliyev və Zamiq Əliyev Azərbaycan qadınının cəmiyyətin həyatında rolundan, dövlət quruculuğunda və ictimai-siyasi proseslərdə fəal iştirakından bəhs etmiş, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadın siyasətinin uğurla həyata keçirildiyini və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının yüksək nüfuzunun beynəlxalq səviyyədə tanındığını vurğulamışlar. Bütün Qadınları bayram münasibətilə səmimi-qəlbdən təbrik edən qonaqlar adı tarix boyu uca tutulan Azərbaycan qadınının bütün dövrlərdə öz istedadı, zəkası, iradə və əzmilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərdiyini qeyd etmişlər. Tədbirdə kollecin müəllim və tələbə heyəti tərəfindən musiqi nömrələri nümayiş edilmişdir. Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən Şuşa Humanitar Kollecinin “Xarı bülbül” xalq çalğı alətləri ansamblına “Fəxri Fərman” və kollecin direktoruna və bir qrup müəlliminə hədiyyələr təqdim edilmişdir. Tədbirin sonunda kollecdə payız imtahan sessiyasının yekunları ilə bağlı bir sıra işçilər Təşəkkürnamə ilə təltif edilmişdir.






