Şriftin ölçüsü :

Saytın rəngi :

1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

01 avqust 2024 | 16:51

1 avqust 2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan əlifbası və Azərbaycan dili günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri və ümumtəhsil məktəblərin Azərbaycan dili və Ədəbiyyat müəllimləri iştirak etmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir. Tədbiri giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov Azərbaycan əlifbası və Azərbaycan dili gününün yaranması tarixindən bəhs edərək bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin 2001-ci il avqustun 9-da "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" verdiyi fərmandan 23 il ötür. Bu illər ərzində Azərbaycan dili daha da inkişaf etmiş, səlisləşmiş, görkəmli Azərbaycan dilçiləri sanballı əsərlər yazıb ərsəyə gətirmiş, bir sözlə, xalq öz dilinin təəssübkeşinə çevrilmişdir. Bu tarixin qeyd edilməsi 2001-ci il avqustun 1-dən Azərbaycan Respublikasında latın əlifbasına keçidlə bağlıdır. Hazırda istifadə edilən latın əlifbası ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra istifadə edilib. Lakin Sovet hakimiyyətinin işğalçılıq siyasətindən sonra 70 il Azərbaycanda kiril qrafikalı əlifbadan istifadə edilib. Müstəqilliyinin bərpasından sonra ölkədə tədricən latın qrafikalı əlifba tətbiq olunub. 2001-ci ilin 18 iyununda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanıb, Azərbaycanda latın qrafikalı əlifbaya keçid qətiləşib. Həmin il avqustun 9-da isə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalanıb. Dünyanın bütün guşələrinə səpələnmiş azərbaycanlılar hansı ölkədə yaşamalarından, hansı dildə danışmalarından asılı olmayaraq öz ana dilini unutmur və bu dili hifz eləyib qoruyur, inkişaf etdirirlər. Bu, bütün türk dünyasının ümummilli lideri Heydər Əliyevin öz xalqının övladlarına etdiyi tövsiyələrdən biridir: hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. Xalqın, millətin öz ana dilindən əziz heç bir şeyi ola bilməz".

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Natiq Mahmudov çıxışında qeyd etmişdir ki, əsası Heydər Əliyev tərəfindən qoyulan dil siyasəti məsələsi İlham Əliyevin də fəaliyyətinin aparıcı tərkib hissəsi kimi həmişə diqqətdə olmuş, bu istiqamətdə böyük işlər görülmüşdür. Müasir dövrdə Azərbaycan dili elə bir inkişaf səviyyəsinə çatır ki, artıq dilimizin qüdrəti bütün sahələrdə hiss edilir. Belə ki, dilimiz ictimai, siyasi, mədəni inkişafla bağlı olaraq daha da tərəqqi edir. Dilimizin bütün üslubları daha da zənginləşir. Prezident İlham Əliyev də ana dilimizə böyük həssaslıqla yanaşır, Azərbaycan dilinə, əlifbasına xüsusi qayğı ilə yanaşaraq bu sahənin inkişafını həmişə diqqətdə saxlayırdı. Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il Fərmanın tarixi əhəmiyyəti ondan ibarət idi ki, bu sənəd həm əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dil siyasətinin, həm də dilimizin inkişafı və qorunması sahəsində həyata keçirilən genişmiqyaslı işlərin məntiqi davamı idi.

Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Nigar Eyvazova bildirmişdir ki, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin imzaladığı Fərmanı ana dilimizin inkişafına yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir. Bəli, ana dilimizə qayğı İlham Əiyevin də fəaliyyətinin əsas hissəsini təşkil etmiş, bu istiqamətdə mühüm addımıar atılmışdır. Qəbul edilən hər bir qərar dilimizin inkişafına təkan vermiş, dilimiz hakim bir dilə çevrilmişdir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: “Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik”.

Göründüyü kimi, əsası Heydər Əliyev tərəfindən qoyulan dil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Keçidlər