Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirildi

01 iyun 2023 | 17:37
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Azərbaycanda dövlət uşaq siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. “Uşaqlar bizim gələcəyimizdir” deyən Ulu Öndər tərəfindən bu sahədə mühüm qanunvericilik və institusional tədbirlər görülüb, həmçinin respublikamız bir çox konvensiyalara, o cümlədən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulub.
Şuşa rayonunun ümumtəhsil müəssisələrində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü təntənəli şəkildə qeyd edilmişdir. Şuşa şəhər 1 nömrəli tam orta məktəbində keçirilən tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva bildirib ki, Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib. Gələcəyimiz olan uşaqların daim diqqət və qayğı ilə əhatə olunmasının vacibliyindən danışan V.Fətəliyeva qeyd edib ki, uşaqların fiziki və mənəvi sağlamlığı cəmiyyətin gələcək inkişafında müəyyənedici amillərdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişlı mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli Lider Heydər Əliyev uşaq hüquqlarının müdafiəsi məqsədilə 1998-ci il avqustun 24-də “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı xüsusi fərman imzalamışdır. Bu gün Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaq dövlət siyasəti ilə bağlı silsilə fərman və sərəncamlar imzalamışdır. Ölkə başçısı cənab İlham Əliyev 2009-cu ili “Uşaq ili” elan etmişdir.
Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Gülnar Qurbanova bildirib ki, ölkə Prezidenti Cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara xüsusi diqqət göstərməsi Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamı və məntiqi nəticəsidir. Azərbaycan dövlətinin siyasəti ölkədə bugünkü uşaqların firavan həyatının, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının müdafiəsinə yönəlib və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Bu gün ölkəmizdə uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə alması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün hər cür şərait yaradılıb.
Tədbir şagirdlərin hazırladığı bədii hissə ilə davam etdirilib. Uşaqlar Vətənə, xalqa, şəhidlərə aid şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər.
Ölkəmizin sabahı olan uşaqları qorumaq və onların müdafiəsinə hamılıqla qoşulmaq hər birimizin borcudur. Şəhidlərimizin övladları başda olmaqla, bütün uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə ürəkdən təbrik edir, onlara səadət, şən və sağlam həyat, uzun ömür, xoşbəxt, qayğısız gələcək arzulayırıq.
Qoy həmişə sülh olsun!
Keçidlər