Şriftin ölçüsü :

Saytın rəngi :

“1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirilmişdir

31 may 2024 | 16:55

31 may 2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı,  Şuşa Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin iştirakı ilə Şuşa rayon 7 saylı tam orta məktəbdə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçiləri, məktəbin müəllim və şagird kollektivi, dərnək üzvləri, valideynlər iştirak edirdi.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Şuşa Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Cəmilə Vəliyeva tədbiri açaraq qeyd etmişdir ki, Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz həmin illərdə ən məhsuldar və uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul edilib. Ulu öndərin təşəbbüsü ilə beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minib. Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra ilk qoşulduğu beynəlxalq sənədlər arasında uşaqlarla bağlı olanları da var. Hər il iyun ayının 1-də dünyanın  ən pak, ən məsum varlıqları olan uşaqların hüquqlarının qorunması ilə bağlı rəngarəng tədbirlər keçirilir. “Uşaq hüquqları haqqında Konvensiya”ya, eləcə də uşaqların taleyi ilə bağlı digər beynəlxalq sənədlərə qoşulmuş müstəqil Azərbaycan dövləti də  uşaqların hüquqlarının qorunması, onların öz bayramlarını sevinc və fərəh içində keçirmələri üçün hər cür şərait yaratmışdır. Cəmilə Vəliyeva bildirmişdir ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə uşaqlara xüsusi qayğı və diqqətlə yanaşmışdır. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə uşaqların hərtərəfli inkişafı, müasir bilik və vərdişlərə yiyələnmələri üçün hər cür şərait yaradır. 

Şuşa rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Natiq Mahmudov çıxışında bildirdi ki,  dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Belə ki, ölkə rəhbəri Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu ili "Uşaq ili" elan edib.
          

Ölkə Prezidentinin apardığı siyasətə uyğun olaraq, şəhid ailələrinin üzvləri, uşaqlar dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub. Ölkənin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də uşaq hüquqlarının müdafiəsi prioritet istiqamətlərindən biridir. Heydər Əliyev Fondu tərəfindən  genişmiqyaslı tədbirlər həyata keçirilir, Fondunun təşəbbüsü ilə şəhid, aztəminatlı  ailələrdən olan uşaqlara xüsusi diqqət ayrılır. Valideyn himayəsindən məhrum olmuş uşaqların himayəsi, əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər həyata keçirilir. Bu gün dövlətimizin əsas məqsədi uşaqların əmin-amanlıq və sülh içində yaşamasıdır. Azərbaycanın sabahı, gələcəyi olan uşaqlar çox xoşbəxtdirlər ki, işğal altında olan torpağın deyil, qalib və müstəqil ölkənin övladlarıdırlar. Onlar müstəqil Azərbaycanda yaşayırlar. Ölkəmiz möhtəşəm Zəfər qazanıb. Tarixi torpaqlarımız öz sakinlərini qarşılamağa hazırlaşır, artıq işğaldan işğaldan azad olunan torpaqlarımızda xoşbəxt uşaqların səsləri duyulmaqdadır. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. 

Tədbirdə dərnək üzvlərinin ifasında flashmob təqdim olunmuş, rayonun Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivlərinin iştirakı ilə maraqlı konsert proqramı təşkil olunmuşdur.

 

Keçidlər