1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi
01 mart 2024 | 12:00
Mülki Müdafiə - dinc və ya müharibə dövründə əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. 1 Mart - Ümumdünya Mülki Müdafiə gününün hər il keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın nə qədər vacib və həyati əhəmiyyət daşıdığına cəlb etmək, hər bir fövqəladə hallara hazır olmaq kimi məsələləri diqqətə çatdırmaqdır. Hər il olduğu kimi 2024-cü il mart ayının 1-də Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Şuşa şəhər 7 saylı tam orta məktəbdə “Ümumdünya Mülki Müdafiə Günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qalib Kazımov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Elxan Ələkbərov, Şuşa şəhər 7 saylı tam orta məktəbin direktoru Elçin Dadaşov, məktəbin hərbi hazırlıq müəllimi Zaur Babayev və yuxarı sinif şagirdləri iştirak etmişlər. Tədbir mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində şagirdlərin və müəllimlərin hazırlığı və maarifləndirilməsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, baş verə biləcək fövqəladə hallar zamanı düzgün davranış qaydaları barədə vərdişlərin aşılanması, müəllim və şagirdlərin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi məqsədilə keçirilmişdir.Tədbirdə çıxış edənlər ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində FHN tərəfindən mütəmadi olaraq lazımi tədbirlər görüldüyünü vurğulayıblar. Bildiririlib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv olan ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə daxil olub. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir. Hər il mülki müdafiə mövzusunda beynəlxalq seminarlar, toplantılar keçirilir, mülki müdafiənin qüvvə və texnikalarının sərgisi təşkil olunur. Əsas məqsəd əhalinin və tələbələrin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə etmək, bir sözlə, qaydaları nəzəri və əməli cəhətdən öyrətməkdir.Fövqəladə halların effektiv idarə olunması, o cümlədən mülki müdafiə işinin təşkilində səmərəliliyin artırılması üçün dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.