Bəxtiyar Vahabzadə-90
Özünün hərtərəfli parlaq yaradıcılığı ilə xalqımızın dərin məhəbbətini qazanmış xalq şairi Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verən, bu istiqamətdə müstəsna xidmətləri olan görkəmli sənətkarlardan biridir.
Bu il ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 90 illiyi tamam olur.
Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 yanvar 2015-ci il tarixdə Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncama uyğun olaraq Respublikanın müxtəlif bölgələrində maraqlı sərgilər, ədəbi-bədii gecələr, tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri də Şuşa rayonu Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən təşkil edilmişdir.
Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülsarə Abbasova açmış, ölkə başçısı cənab İlham Əliyevin xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında mühüm sərəncamının əhəmiyyətindən danışmış, görkəmli sənətkarın fəlsəfi məzmun daşıyan lirik əsərlərindən, insan talelərinin güzgüsü olan poemalarından, monoqrafiya və publisistik məqalələri haqqında fikirlərini oxucularla bölüşmüşdür.
Sair - publisist, Respublikanın Əməkdar müəllimi Əyyub Şırlanlı şairin həyat və yaradıcılığı haqqında çıxış etmişdir. Öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayan, yüksək milli - mənəvi dəyərlərin qorunması, adət-ənənələrimizin yaşadılması naminə xalq şairinin ədəbiyyatımızın
inkişafına verdiyi töhfələrdən söz açan Ə.Şırlanlı Bəxtiyar Vahabzadənin qələmə aldığı ağrılı mövzulardan biri olan 20 Yanvar faciəsi ilə bağlı "Şəhidlər" poemasını onun ən dəyərli əsərlərindən biri kimi təqdim etmişdir.
Telejurnalıst Fəxrəddin Hacıbəyli, Şuşa rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zahid Abbasov Bəxtiyar Bahabzadə poeziyası haqqında səmimi fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.
Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova Azərbaycanın qədim mədəniyyət beşiyi sayılan doğma Şuşamız haqqında öz xatirələrini kövrək hisslərlə danışdı. Daha sonra Bəxtiyar Bahabzadə yaradıcılığından söz açan Lətifə xanım 1943-cü ildə çap olunan şairin "Ana və şəkil" adlı ilk şerindən, iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini əks etdirən "Gülüstan" poemasından, "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etməsindən, doğma Vətən torpağına, dilimizə, mədəniyyətimizə, folklorumuza və yazılı ədəbiyyatımıza dərin köklərlə bağlı olmasından, onun elmi, pedaqoji fəaliyyətindən danışmışdır.
Sonra Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva xalqın keçmişini, gələcəyini ürək yanğısı ilə düşünən Bəxtiyar Vahabzadə poeziyasındakı dilimizin inçəliklərindən, şairin sözdən böyük məharət və incə zövqlə istifadə etməsindən danışmışdır. Bəxtiyar Vahabzadə ədəbi və elmi yaradıcılğını uğurla davam etdirərək pedaqoji fəaliyyətlə məşğul olmuş, uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasına töhfələr vermişdir. Vüsalə xanımın tələbəlik illərində Bəxtiyar müəllimlə bağlı xatriələri tədbir iştirakçılarının hədsiz marağına səbəb olmuşdur.
Tədbir Şuşa rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Əminə Abdullayevanın aparıcılığı ilə davam etmişdir. Vəsilə Quliyeva, Xanirə İsgəndərova, Ayxan İmanov, Elxan Əliyev, Heyrat İbayev, Aydan Zeynalova, Nərmin Baxşəliyeva, Nihad Muxtarlı, Nərmin Zeynalova, Təbriz Həsənov. Aydan Səmədova, Elvin Həsənov, Lalə Cəfərova, Fərqanə Babayeva şairin şeirlərini söyləmiş, seirlərinə bəstələnmiş mahnılarını ifa etmişlər.
Tədbirin sonunda Lətifə xanım Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivinə dəyərli kitablar hədiyyə etmişdir.