Şuşa Rayon İcra Hakimiyyətində silsilə tədbirlər
23 iyun ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilmişdir. Respublikamızda demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolu və Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən iyunun 23-nün BMT-nin “Dövlət Qulluğu Günü” elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan olunması qərara alınmışdır.
2015-ci il iyun ayının 23-də Şuşa Rayon İcra Hakimiyyyətində Dövlət qulluqçularının peşə bayramı keçirilmişdir. Tədbirdə çıxış edənlər bu günün yaranma tarixi, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanda dövlət qulluğunun baza və prinsiplərinin yaranması ilə bağlı göstərdiyi böyük xidmətlərindən, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dövlət qulluğunun qeyd edilməsi, qüvvəyə minməsi və digər hüququ aktlara dair imzladığı qanun, fərman və sərəncamlar barədə geniş məlumat verilmişdir.
Sonra Şuşa Rayon İcra Hakimiyyətinin müavinləri Əkbər Hacıyev, Vüsalə Fətəliyeva, Şuşa rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman məktəblərinin direktorları Yapon Hacıyev, Əbülqasım Novruzov Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılan I Avropa Oyunlarından danışdılar. Tədbirdə çıxış edənlər bildirdilər ki, bu, yalnız möhtəşəm idman bayramı deyil, həm də mühüm mədəniyyət hadisəsidir. Beynəlxalq ictimaiyyət bir daha Azərbaycanın iqtisadi qüdrətinin, müasir infrastrukturunun, turizm
imkanlarının, qlobal tədbirləri yüksək səviyyədə təşkil etmək əzminin, ən nəhayət, yüksək tolerantlığının və qonaqpərvərliyinin əyani şahidi oldu. Görülən işlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Respublikamız artıq Avropanın idman həyatının çox önəmli bir hadisəsinə evsahibliyi etmiş ölkə kimi tarixə düşəcəkdir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərlə bağlıdır.
23 iyun tarixində Şuşa Rayon İcra Hakimiyyətinin növbəti Şura iclası da keçirilmişdir. İclasda iki məsələ gündəliyə çıxarılmışdır. Məsələlərlə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Qalib Kazımov, Sarıbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Araz Quliyev,Qaybalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Rasim Əliyev, Malıbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Müzəffər Babayev, Səfixanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əhəd Həsənov, Şuşa rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman məktəblərinin direktorları Yapon Hacıyev, Əbülqasım Novruzov çıxış etmişlər. Hər iki məsələ barədə qərar qəbul edilmişdir.