Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Məclisin deputatı, əməkdar jurnalist Bəxtiyar Sadıqovun ssenarisi əsasında hazırlanan “Ruhlar şəhərinin sakinləri” filminin təqdimatı olub.

16 iyul 2015 | 15:00

İyulun 15-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, əməkdar jurnalist Bəxtiyar Sadıqovun ssenarisi əsasında hazırlanan “Ruhlar şəhərinin sakinləri” filminin təqdimatı olub.
Deputatların, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov filmin tarixi əhəmiyyətindən söz açıb.
Bildirilib ki, 1988-ci ildən başlayaraq ermənilərin işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt olunub. Ermənistan Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti aparıb. BMT-nin məlum qətnamələrinə baxmayaraq, Ermənistan bu gün də işğalçılıq siyasətini davam etdirir. Bu işğalçılıq siyasəti xalqımıza böyük maddi-mənəvi ziyan vurub, 1 milyondan artıq soydaşımız öz yurd-yuvasından didərgin düşüb.
Filmin ssenari müəllifi Bəxtiyar Sadıqov deyib ki, bu gün 20 dəqiqəlik bir ekran əsərinin təqdimatına yığışmışıq. O bildirib ki, müstəqillik illərində Azərbaycan çox problemləri həll edib, heç bir dövlətə, heç bir xalqa nəsib olmayan bir inkişaf yolu keçib. Lakin həll edə bilmədiyimiz yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bunun da başlıca səbəblərindən biri ikili standartlardır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışır.
Dostlarının, qələm adamlarının məsləhəti ilə “Ruhlar şəhərinin sakinləri” mövzusunda yazdığı yazı əsasında ssenari hazırladığını bildirən əməkdar jurnalist deyib ki, bu iş heç də asan başa gəlməyib. Ekran əsəri üç dəfə yenidən işlənib.
Filmdə əks olunan rəmzlərdən danışan B.Sadıqov deyib: “Ekran əsərində xarabalığa çevrilmiş yurd yerlərini göstərməklə erməni xislətini əməlləri ilə ifşa etməyə, qaçqınların, məcburi köçkünlərin Vətən həsrətini, Vətən istəyini, Vətən yanğısını bir daha önə çəkərək vətənpərvərlik duyğularını qabartmağa çalışdıq. Filmdə şərti olaraq dörd surət var. Bunlardan biri ruhlardır. Bu, olduqları yeri, işğal altındakı torpaqlarımızı tərk etməyən ruhlardır. Eyni zamanda, burada məcburi köçkünlərin, Ağdamdan kənarda doğulub, lakin o torpağı görmək eşqi ilə yaşayan uşaqların da obrazı var”. O vurğulayıb ki, bu ekran əsəri xalqımızın başına gətirilən münasibətlərə bir qələm adamının münasibəti kimi də dəyərləndirilə bilər.
Son illərdə Qarabağ mövzusuna həsr edilən filmlərin çəkilməsini yüksək qiymətləndirən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva bildirib ki, Azərbaycanın haqq işinin təbliğində belə ekran əsərlərinin böyük rolu var.
Sonra film nümayiş olunub.
Bədii-sənədli filmin çəkilişləri Ağdamın işğaldan kənarda qalan kəndlərində aparılıb. Erməni vandallarının vəhşiliklərinin ifşasına, habelə məcburi köçkünlərin yurd həsrətinə və torpağa bağlılığına həsr edilən filmin rejissoru Kəmalə Mirzəyeva, operatoru Manaf Əzizli, montaj rejissoru Rasim Yaxşıxanov, redaktoru İxtiyar Hüseynli, layihə rəhbəri Bəxtiyar Qaracadır. Mətni əməkdar artist Azad Şükürov səsləndirib.
Bu ekran əsəri hər bir tamaşaçını işğal altında inləyən torpaqları unutmamağa səsləyir.
Sonra yazıçı-publisist, Milli Məclisin deputatı Aqil Abbas, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü, deputat Elman Məmmədov və İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov çıxış edərək filmlə bağlı fikirlərini bölüşüblər.
Bildirilib ki, belə ekran əsərləri xalqımızın başına gətirilən müsibətləri dünya ictimaiyyətinə çatdırmaq baxımından təqdirəlayiqdir.
Çıxışlarda belə bir əminlik ifadə olunub ki, işğal altındakı bütün torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad ediləcək, insanlar öz doğma yurd-yuvalarına qayıdacaq və ən yaxşı ekran əsərləri də məhz Qarabağda çəkiləcək.

Keçidlər