Qubada mətbuatın 140 illiyinə həsr olunmuş regional tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncama uyğun olaraq bu gün Quba şəhərində mətbuat nümayəndələrinin və rayon ictimaiyyətinin iştirakı ilə "Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda növbəti regional konfrans öz işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Yusif Abidov, "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, bölgə rayonlarının icra hakimiyyətlərinin məsul əməkdaşları, yerli qəzetlərin, habelə ¬Bakıda fəaliyyət göstərən qəzetlərin baş redaktorları iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar müasir Azərbaycan mətbuatının inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tədbir iştirakçıları Qubadakı Heydər Əliyev Mərkəzində rəssam Kərim Kərimovun karikaturalarından ibarət sərgiyə baxış keçiriblər.
Konfrans Qubada Heydər Əliyev Mərkəzinin konfrans zalinda keçirilib.
Konfransı giriş sözü ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov açıb. O, Azərbaycan Prezidentinin imzaladığı milli mətbuatımızın 140 illik yubileyinin keçirilməsi haqqında sərəncamından danışıb. Bildirib ki, yubiley tədbirləri artıq Zərdab, Gəncə, Qəbələ və Masallı rayonlarında keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edib. Vüqar Səfərli çıxışında KİV-ə dövlət qayğısının sistemli və ardıcıl şəkildə həyata keçirilməsi məqsədilə ölkə başçısının 2008-ci ildə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edildiyini xatırladıb. İcraçı direktor həmçinin ötən illərdə Fondun KİV-in maddi-texniki bazasının təkmilləşdirilməsi, ölkə jurnalitslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması və digər proritet istiqamətlərdə gerçəkləşdirdiyi layihələr barədə də ətraflı məlumat verib. Çıxışını davam etdirən Vüqar Səfərli jurnalistlərə dövlət hesabına mənzillərin verilməsini dünyada analoqu olmayan müsbət təcrübə olduğunu deyərək ölkə başçısının bu diqqət və qayğısının mətbuat nümayəndələri tərəfindən yüksək dəyərləndirildiyini vurğulayıb. V.Səfəri Bakıda keçiriləcək yubiley tədbirində də Fondun müsabiqəsində iştirak edən, eləcə də mətbuatda əməyinə görə fərqlənən jurnalistlərin mükafatlandırılacağını söyləyib.
Tədbir regionda fəaliyyət göstərən qəzetlərin baş redaktorlarının və rayonların icra hakimiyyəti başçılarının humanitar məsələlər üzrə müavinlərinin çıxışları ilə davam edib. Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva Şuşada Milli Mətbuat və bugünki "Şuşa" qəzeti barədə geniş məruzə etmişdir.