Şuşa Rayon İcra Hakimiyyətində 2015-ci ilin birinci yarısının yekunları müzakirə edilmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Şuşa Rayon İcra Hakimiyyəti Başçısı yanında Şurada müzakirə edilmişdir.
İclası giriş sözü ilə açan Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, 6 ay ərzində ölkəmiz dinamik inkişaf etmiş, iqtisadiyyat 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz artıb. Sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artıb. Ölkədə inflyasiya 3,5 faiz, əhalinin pul gəlirləri 6,2 faiz olub. Kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
01 iyul 2015-ci il tarixə Şuşa rayon əhalisinin sayı 32291 nəfər olmuşdur ki, onlardan 23572 nəfəri şəhər, 8719 nəfəri isə kənd əhalisidir.2015-ci ilin birinci yarısında rayon üzrə 58 nəfər işlə təmin olunmuşdur.
Şuşa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi üzrə 2015-ci ilin birinci yarısında 138 ailəyə ünvanlı dövlət sosial yardım təyin olunmuşdur. Hal-hazırda 296 aztəminatlı ailə orta hesabla 144 manat məbləğində ünvanlı dövlət sosial yardım alır.
Hesabat dövründə 11 nəfər əlilliyə, 2 nəfər ailə başçısını itirməyə, 12 nəfər sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara, 13 nəfər Qarabağ müharibəsi veteranına sosial müavinət, 2 nəfər Qarabağ müharibəsi əlilinə Prezident təqaüdü təyin olunmuşdur.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində 3836 nəfər pensiyaçıdan 2060 nəfəri əlilliyə, 201 nəfəri ailə başçısını itirməyə, 1575 nəfəri isə yaşa görə pensiya alırlar. 2015-ci ilin 6 ayı ərzində 31 nəfərə pensiya təyin olunmuşdur. Digər rayonlarda yaşayan 3 nəfər Şuşa rayon sakininin pensiya işi şöbədə qeydiyyata alınmışdır.
2015-ci il 01 iyul tarixinə 1446 təşkilat qeydiyyatdan keçmişdir ki, bundan da 138-i hüquqi, 1308-i isə fiziki şəxslərdir. Qeydiyyatda olan təşkilatlardan 45 hüquqi və 254 fiziki şəxs fəaliyyət göstərir.
Şuşa rayon Vergilər şöbəsi tərəfindən birinci yarımillikdə plan tapşırıqlarına 102.1 faiz əməl edilmiş, 14.2 min manat əlavə vəsaitin büdcəyə ödənilməsi təmin olunmuş, 58 fiziki şəxs qeydiyyata alınmışdır.
Cari ilin birinci yarım ili ərzində rayon Məşğulluq Mərkəzi tərəfindən 37 nəfər işaxtaran vətəndaş qeydiyyata alınmış, 10 nəfər müxtəlif sahələrdə işlə təmin olunmuş, 8 nəfərə işsizlik müavinəti təyin edilmişdir.
Şuşa rayon Qeydiyyat şöbəsi tərəfindən 2015-ci ilin birinci yarımili ərzində 132 doğum, 38 ölum, 56 nikah, 8 nikahın pozulması, 3 soyadın, adın və ata adının dəyişdirilməsi, atalığın müəyyən edilməsi ilə bağlı 10 müraciət qeydə alınmışdır.
Şuşa Mərkəzi rayon Xəstəxanası tərəfindən hesabat dövrü ərzində 24985 müalicə və müayinə işi aparılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən 2015-ci il fevral ayından may ayının 1-dək rayon əhalisindən 13918 nəfərinin geniş tibbi müayinəsi keçirilmişdir.
Hesabat dövründə rayon üzrə bir sıra tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər içərisində Ermənistanın işğalı altında olan Şuşa, Laçın, Zəngilan və Cəbrayıl rayonlarının hərbi
çağırışçılarının əsgərliyə yola salınma mərasimi xüsusilə qeyd edilməlidir.
Rayon İcra Hakimiyyətində vətəndaşların qəbuluna, müraciətlərinə baxılmasına diqqətlə yanaşılır. Onların təklif, ərizə və şikayətlərinə qanunamüvafiq qaydada baxılması, problemlərin öyrənilməsi və həlli istiqamətlərində operativ tədbirlər görülür.
Məruzə ətrafında Şuşa rayonu üzrə Maliyyə Şöbəsinin rəisi Böyükağa Əhmədov, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Şuşa rayon şöbəsinin müdiri Arif Abbasov, Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinin müdiri Sarı Bərxudarov və başqaları çıxış etmişlər.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.
Yekunda məsələ ilə bağlı Qərar layihəsi qəbul edilmişdir.