Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin Bakının Yasamal rayonu ərazisində yeni binasının 15 sentyabr tarixində açılışı olmuşdur.

15 sentyabr 2015 | 15:00

 

Tədbirdə çıxış edən "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov məktəbin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı əsasında tikildiyini diqqətə çatdırmış və bütün qarabağlılar adından Prezidentimizə dərin minnətdarlığını bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə təhsil, səhiyyə və mədəniyyət ocaqlarının yenidən qurulduğunu və inşa edildiyini diqqətə çatdıran Bayram Səfərov məktəbin yeni binasının istifadəyə verilməsini Azərbaycan təhsil tarixi üçün əlamətdar hadisə kimi səciyyələndirərək əminliklə vurğulayıb ki, burada yaradılan şərait şuşalıların təhsil prosesinə müsbət təsir göstərəcək.

Sonra Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə xanım Fətəliyeva açılış münasibətilə hər kəsi təbrik etmiş, şagirdlərə və müəllimlərə yeni tədris ilində uğurlar arzulamışdır.Cənab başçı Bayram Səfərovun məktəbin tikilməsində göstərdiyi xidmətlərdən, böyük əməyindən danışmışdır.

Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov isə yeni məktəbin istifadəyə verilməsini rayon ictimaiyyəti üçün önəmli hadisə kimi dəyərləndirmiş və bu faktın təhsilimizə dövlət qayğısının daha bir göstəricisi olduğunu bildirmişdir.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxışında bildirib ki, 185 il bundan əvvəl ilk dünyəvi təhsil müəssisəsi məhz Azərbaycanda, qədim tarixi ərazimiz olan Şuşa şəhərində yaradılmışdır. İndi bütün Azərbaycan xalqının, eləcə də şuşalıların yeganə arzusu Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Şuşanı azad etmək, oradakı 1 nömrəli məktəbin binasını əsaslı surətdə təmir edib onun əvvəlki şöhrətini özünə qaytarmaqdır.

Milli Məclisin deputatları Elman Məmmədov və Flora Qasımova, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov və başqaları çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışmışlar.

Şuşa Rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev çıxışında bildirib ki, məktəb 1830-cu ildə 19 şagirdlə fəaliyyətə başlamış və yarandığı vaxtdan

1992-ci ilin may ayına kimi Şuşa şəhərində öz fəaliyyətini fasiləsiz olaraq davam etdirmişdir. Şəhərin ermənilər tərəfindən işğal edilməsindən sonra məktəbin şagird və pedaqoji kollektivi respublikamızın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmışlar. Sonradan Şuşadakı bu və digər məktəblərin şagirdləri, eləcə də müəllimləri arasında təşkilati işlər aparılmış, nəticədə Şuşa şəhəri 1 nömrəli orta məktəbi 1992-ci ildən etibarən Bakının Yasamal rayonundakı 38 nömrəli orta məktəbin binasında, onun maddi-texniki bazasından istifadə etməklə ikinci növbədə fəaliyyət göstərmişdir.

Məktəbin direktoru Elçin Dadaşov məktəbin inşasında əməyi keçən bütün insanlara təşəkkürünü bildirmiş, şagirdlərə və müəllimlərə yeni dərs ilində uğurlar arzulamışdır.

Tədbir iştirakçıları daha sonra məktəbin sinif otaqları, fənn kabinetləri, idman zalı və sairə otaqlarla tanış olmuşlar.

Keçidlər