5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür
Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminli müəllim ordusu peşə bayramını qeyd edirlər. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir. Bəşəriyyətin minillər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram olunur. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu münasibətlə Şuşa Rayon İcra Hakimiyyətinin Başçısı geniş təbrik nitqi söylədi. Bayram Səfərov bildirdi ki, 1 №-li orta məktəbin açılışından sonra ilk dəfə gözəl bir tədbirin-müəllim gününü burada keçirilməsi məni çox sevindirdi, müəllim adını uca tutmağı, Şuşa təhsilinə layiq, peşəkar müəllim olmağı sizə arzulayıram !
Bu gün məktəblərimizdə bu qiymətə layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, cəmiyyətin onların qarşısında qoyduğu vəzifəni - hərtərəfli biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə, yüksək əxlaqı keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən müəllimlər çoxdur.
Bu il də 5 Oktyabr - Beynəlxalq Müəllimlər günü ilə əlaqədar möhtərəm Prezident İlham Əliyev cənablarının sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir qrup müəllimə fəxri adlar və “Tərəqqi” medalı verilib.
Mükafat sahiblərindən biri də Novruzov Əbülqasım Yəhya oğludur. Şuşa Rayon Uşaq İdman məktəbinə uzun illərdir ki rəhbərlik edən Əbdülqasım Novruzov cənab Prezident İlham Əliyevin sərəncam ilə “Tərəqqi” medalına layiq görülüb.
Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı ilə uzun illər səmərəli fəaliyyətinə görə Mirkamil Ağamirov təltif edilib.
Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 3 №-li məktəbin direktoru Elmira Əliyeva və Malıbəyli kənd 1 №-li tam orta məktəbin müəllimi Nailə İbrahimova Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif ediliblər.
Hər bir müəllimin mükafatı onun şərəfli ömür yoludur.
Mən bütün təhsil işçilərini ürəkdən təbrik edirəm !
Bayramınız mübarək olsun !
Təbrik üçün söz Şuşa Rayon İcra Hakimiyyəti Başçısının Humanitar məsələlər üzrə müavini Vüsalə xanım Fətəliyevaya, millət vəkilləri - Flora xanım Qasımovaya və Elman Məmmədova, Şuşa rayon Təhsil şöbəsinin mudiri- Təvəkkül Əliyevə verilmişdir.
2015-ci ildə övladı yüksək balla ali məktəbə qəbul olmuş valideyn - Könül Abbasova və ali məktəbə yüksək balla qəbul olmuş 12 nömrəli məktəbin məzunu İbrahimzadə Hüseyn müəllimləri peşə bayramı münasibəti ilə təbrik etmişdilər.
Tədbir maraqlı konsert proqramı ilə davam etmişdir. Tədbirdə Azərbaycan Respublikasının əməkdar artisti- Zöhrə Abdullayeva, Şuşa şəhər İncəsənət məktəbinin “Təbəssüm” rəqs qrupu, Şuşa 1 №-li orta məktəbin şagirdi Ayla Qurbanlı, Şuşa Musiqi Kollecinin tələbəsi Fatimə Hüseynova, Malıbəyli kənd məktəbin şagirdi Elvin Hüseynov və müğənni Günay İmamverdiyeva iştirak etmişdilər.
Konsert proqramı Şuşa 1 №-li məktəbin ibtidai sinif şagirdlərin iştirakı ilə dövlətçiliyə aid gözəl səhnəciklə başa çatmışdir.
2015-ci ildə Şuşa rayonun ümumi təhsil məktəblərindən ali məktəblərə daxil olmuş abituriyentlərə Şuşa Rayon İcra Başçısının pul mükafatları təqdim edildi.