“Konstitusiya və suverenlik ili“ çərçivəsində “Əbədi müstəqillik tarixi yazan lider”
12 dekabr 2025 | 17:37
12 dekabr Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməzdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Xüsusilə də, xalqın təkidi ilə Ulu Öndərin 1993-cü il 15 iyunda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı.
Bu gün dahi liderin arzuları reallaşdı, Azərbaycan öz tarixi torpaqlarına qovuşdu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sözdə yox, əməldə real və məğlubedilməz ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində Qarabağda qurduğu istehkamları darmadağın etdi, işğal altındakı torpaqları düşmən əsarətindən azad etdi. Noyabrın 8-də Azərbaycan xalqı heç zaman yaşamadığı sevinci və fəxarət hissini yaşadı, 28 illik həsrətdən sonra böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Ali Baş Komandan İlham Əliyev "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" – deyən Ulu Öndərin vəsiyyətini həyata keçirdi, xalqımıza Qələbə sevincini yaşatdı.
Anım günündə Ulu öndərin məzarı Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, İcra Hakimiyyətinin məsul işçiləri, YAP-ın Şuşa rayon Təşkilatının sədri və İdarə Heyətinin üzvləri, idarə, müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və gənclər tərəfindən ziyarət edildi. Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ehsan süfrəsi təşkil olundu. Tədbirdə Ulu Öndərin böyük fəaliyyətindən, rəhbərlik dövründən çıxışlar edildi.
Dahi rəhbərin xatirəsi heç zaman unudulmur, onun şəxsiyyəti və ideyaları hər zaman hörmət və ehtiramla yad edilir.






