Şuşa rayonu üzrə 2015-ci ilin 9 ayının yekunları müzakirə olunmuşdur.
21 oktyabr 2015 | 15:00
21 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Şuşa Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura iclasında ətraflı müzakirə olunmuşdur.
İclasda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, şura üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının və ümumtəhsil müəssisələrinin rəhbərləri, həmçinin ziyalılar iştirak etmişlər.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, iqtisadiyyat 3,7 faiz, sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi 10 faizdən çox, kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb. İlin 9 ayında inflyasiya 3,7 faiz təşkil edib, əhalinin pul gəlirləri 5,8 faiz artıb. Yoxsulluq - 5 faiz səviyyəsindədir. Ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub. Onlardan 9 milyardı daxili, 7 milyardı xarici sərmayədir.
Cənab Bayram Səfərov yeni iş yerlərinin yaradılması istiqamətində dövlət siyasətinin ardıcıl həyata keçirilməsindən danışaraq bildirmişdir ki, 9 ayda ölkədə 87 min yeni iş yeri açılmışdır ki, bunun da 67 mini daimidir.
Cənab Bayram Səfərov 2015-ci ilin doqquz ayında rayonumuzun sosial-iqtisadi vəziyyəti haqqında statistik göstəriciləri iclas iştirakçılarının nəzərinə çatdırmışdır.
01 oktyabr 2015-ci il tarixə Şuşa rayon əhalisinin sayı 32544 nəfər olmuşdur ki, onlardan 23753 nəfəri şəhər, 8791 nəfəri isə kənd əhalisidir.
Rayon üzrə 9 ay ərzində 89 nəfər işlə təmin olunmuşdur. 2015-ci ilin 01 oktyabr tarixi vəziyyətinə əsasən məşğul əhalinin sayı 15920 nəfərdir. Onlardan 7230 nəfəri dövlət, 8690 nəfəri isə qeyri-dövlət sahəsində çalışanlardır. Fərdi məşğul əhalinin sayı 5046 nəfərdir. 01 oktyabr 2015-ci il tarixə rayonumuzda qeydiyyatda olan idarə, müəssisə və təşkilatlarda büdcə təşkilatlarında çalışanların sayı 2144 nəfər olmuşdur.
Şuşa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi üzrə 2015-ci ilin 9 ayı ərzində 280 aztəminatlı ailəyə ünvanlı sosial yardım ödənilmişdir.Bu isə cari ilin hesabat dövrü ilə müqayisədə 57 ailə az deməkdir. Buna səbəb əhalinin sosial rifah halının yüksəlməsi və yoxsulluq faizinin aşağı düşməsidir.
Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsində 3854 nəfər pensiyaçıdan 1579 nəfəri yaşa, 2079 nəfəri əlilliyə, 196 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alırlar. 2015-ci ilin 9 ayı ərzində 88 nəfərə pensiya təyin olunmuşdur. Digər rayonlarda yaşayan Şuşa rayon sakinlərindən 3 nəfərin pensiya işi rayon şöbəsində uçota götürülmüşdür.
Şuşa rayon Məşğulluq Mərkəzi tərəfindən 2015-ci ilin 9 ayı ərzində 65 nəfər işaxtaran vətəndaş qeydiyyata alınmış, 23 nəfər müxtəlif sahələrdə işlə təmin olunmuş, 10 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 16 nəfər qeyri-məşğul vətəndaş Bakı Regional Peşə Tədris Mərkəzində peşə hazırlığı keçmişdir.
Şuşa rayonunun ümumtəhsil məktəblərində 3475 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 512 nəfər müəllim məşğul olur. 2015-ci ilin sentyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə inşa edilmiş 1 nömrəli tam orta məktəbinin təntənəli açılışı olmuşdur. Şuşa rayonunun ümumtəhsil məktəblərinə 2015-2016-
cı dərs ili üçün vakant yerlərə 41 nəfər gənc mütəxəssis qəbul olunmuşdur. Bu il 11-ci sinfi bitirən 139 nəfər şagirddən 50 nəfəri ali məktəbə qəbul olunmuşdur.
Şuşa Mərkəzi Rayon Xəstəxanası tərəfindən 2015-ci ilin 9 ayı ərzində 36327 nəfər (ötən ildə 35017) müayinə və müalicə almışdır. Qeydiyyatda olan 256 nəfər (2014-cü ildə 233) şəkərli diabet xəstəsinə hər ay büdcə hesabına şəkərsalan dərmanlar paylanır.
Mədəniyyət və Turizm şöbəsi əlamətdar, tarixi günlərdə müxtəlif tədbirlər həyata keçirmişdir.
Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən 2015-ci ilin 9 ayı ərzində 84 tamaşa göstərilmişdir.
Rayonda vətəndaşların qəbuluna, müraciətlərinə baxılmasına həssaslıqla yanaşılır. Onların təklif, ərizə və şikayətlərinə qanunamüvafiq qaydada baxılması, narahatlıq yaradan problemlərin öyrənilməsi və həlli istiqamətlərində operativ tədbirlər görülür. Vətəndaşlar tərəfindən qaldırılmış problemlərin çoxu həll olunmuş, müəyyən problemlərin həlli ilə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırılmışdır.
Hesabat dövründə Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Prezident tərəfindən ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ən ciddi tərbirlərin görülməsi hallarına toxunaraq ölkə başçısının sahibkarlığın inkişafı, onlara əngəl olan maneələrin aradan qaldırılması ilə bağlı görülən işləri fəal surətdə dəstəkləmişdir.
O, qeyd etmişdir ki, son günlərdə Milli Təhlükəsizlik Nazirinin və nazirliyin bir qrup əməkdaşının vəzifədən kənarlaşdırılması, bəzilərinin həbsi onu göstərdi ki, ölkədə heç kim məsuliyyətdən kənarda qala bilməz. Yaranmış vəziyyət onu göstərmişdir ki,
cənab Prezident tərəfindən neqativ hallara qarşı çox ciddi mübarizə aparılır.
Cavabdeh şəxslərin məsuliyyət məsələsinə toxunan İcra Başçısı onlara daha məsuliyyətli olmağı, vətəndaşların müraciətlərinə həssas yanaşmaqla bağlı öz tapşırıqlarını vermişdir.
İclasda Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, Rayon İcra Hakimiyyəti başçısının Xanalılar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Çingiz Əliyev çıxış etmişdir.
İclasda əldə olunmuş uğurlarla yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər müzakirə olunmuşdur.
Məsələ ilə bağlı Qərar layihəsi səsə qoyulmuş və qəbul edilmişdir.