Dövlət Bayrağı Günü
Bayram tədbirində Dövlət Himni səsləndirilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağının ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən qəbul edildiyini, ikinci dəfə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildiyini, Dövlət bayrağının milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyini, bu bayrağın bizim azadlığımızı, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirdiyini diqqətə çatdırdı. B. Səfərov qürur mənbəyimiz olan bayrağımıza bəslənən hörmət və ehtiramdan danışaraq bildirdi: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu dövlət atributu ilə bağlı mühüm qərarlar qəbul edib. Dövlətimizin başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə “Dövlət Bayrağı Günü” təsis olunub, 2010-cu ilin sentyabrında isə möhtəşəm Dövlət Bayrağı Meydanı yaradılmışdır. Üçrəngli bayrağımız bu gün dünyanın 70-ə yaxın ölkəsində dalğalanır. Xalqımızın ən böyük arzusu bayrağımızın Xankəndində, Şuşada və işğal olunmuş digər rayonlarımızda dalğalanmasını görməkdir.”
Rəsmi hissədən sonra tədbir bayram konserti ilə davam etmişdir. Rayon Mədəniyyət və Turizm idarəsinin nəzdində fəaliyyət göstərən “Təbəssüm” rəqs qrupunun, muğam ifaçılarının, müğənnilərin ifasında səslənən bir-birindən gözəl və vətənpərvərliyi tərənnüm edən mahnılar tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.