Səməd bəy Mehmandarovun 160 illik yubileyi
Səməd bəy Mehmandarovun 160 illik yubileyi
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Sadıq bəy oğlu Mehmandarovun anadan olmasının 160 illik yubileyinin keçirilməsi ilə bağlı 29 sentyabr 2015-ci il tarixli Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən 2015-ci il dekabr ayının 16-da Şuşa Rayon İcra Hakimiyyətində Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov öz çıxışında Səməd bəy Mehmandarovun rəşadətli döyüş yolundan bəhs edərək bildirmişdir ki, şanlı döyüş ənənələri ilə zəngin olan milli tariximizin öyrənilməsi, görkəmli sərkərdələrimizin yubileylərinin keçirilməsi həm ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, həm də bu gün ölkə rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərindən biridir. Erməni təcavüzünə qarşı mübarizə tarixində general Mehmandarovun Qarabağın mühüm strateji əhəmiyyətli nöqtələrində - Xankəndidə, Şuşada, Tərtərdə, Ağdamda, Əsgəranda Azərbaycanın qoşun hissələrinin yerləşdirilməsi, onlara həvalə edilmiş postların möhkəmləndirilməsi, ümumiyyətlə, döyüşlərin idarə olunmasındakı müstəsna xidmətləri barədə də danışan B. Səfərov gənc nəslin vətənpərvərlik tərbiyəsinə toxunaraq, göstərmişdir ki, bu gün torpaqlarımızın azadlığı problemi qarşımızda durduğu bir məqamda gənc nəsil, xüsusən hərb tariximizi, dərindən öyrənib təhlil etməli, lazımi nəticələr çıxarmalı və hərbçi kimi şərəfli bir peşəyə yiyələnmək istəyini gerçəkləşdirməlidirlər. Xalqımızın fəxri olan görkəmli dövlət və hərbi xadimi Səməd bəy Mehmandarovun keçdiyi döyüş yolu bugünkü gənc nəsil üçün əsl məktəbdir.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Ali Hərbi Məktəbin məzunu, ehtiyatda olan baş leytenant, 6 nömrəli orta məktəbin hərbi rəhbəri Asəf Məhərrəmov öz çıxışlarında görkəmli hərbi xadim, general Səməd bəy Mehmandarovun mənalı ömür yolu və xidmətlərindən danışmış, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Hərbi Nazirliyin mövcud olduğu il yarım ərzində Azərbaycan Ordusunun real qüvvəyə çevrilməsində igid sərkərdənin hərbi və mənəvi keyfiyyətlərinin böyük rol oynadığını diqqətə çatdırmışlar.
Sonra Səməd bəy Mehmandarov haqqında qısa bir film nümayiş etdirilmişdir. Şuşa şəhər 9 nömrəli məktəbin şagirdlərinin ifasında səslənən şerlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Müharibə şəraitində yaşadığımız indiki dövrdə bu cür sərkərdələrin yubileylərinin dövlət səviyyəsində təşkili mühüm əhəmiyyət kəsb edir və gənc nəslin vətənpərvərlik tərbiyəsində xüsusi rol oynayır.