Azərbaycanda ilk qəza məktəbinin - Şuşa şəhər 1 nömrəli orta məktəbinin 185 illik yubileyi qeyd edilmişdir.
Azərbaycanda ilk qəza məktəbinin - Şuşa şəhər 1 nömrəli orta məktəbinin 185 illik yubileyi qeyd edilmişdir
Dekabrın 19-da Azərbaycanda ilk qəza məktəbinin - Üzeyir bəy Hacıbəyli adına Şuşa şəhər 1 nömrəli orta məktəbinin 185 illik yubileyi məktəbin yeni binasında qeyd edilmişdir.
Yubiley tədbirinin iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri düzmüş, Ulu öndərin xatirəsini yad etmişlər.
Qonaqlar, o cümlədən bir sıra dövlət qurumlarının rəsmiləri, foyedə rəssam Rövşən Bayramovun yağlı boya ilə çəkdiyi Şuşa abidələri və mənzərələrindən, şəhər 1 nömrəli orta məktəbinin bugünkü şagirdlərinin Vətən haqqında rəsmlərindən ibarət sərgiyə maraqla baxmışlar.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov 1830-cu il dekabrın 30-da təntənəli açılışı olmuş ilk qəza məktəbinin keçdiyi tarixi yoldan, bu günündən, yetirmələrindən bəhs edən məruzəsi dinlənilmişdir. O, tanınmış məzunları - akademiklər Lətif İmanovu, Səttar Əsədovu, Paşa Rüstəmovu, Cəlal Allahverdiyevi, elmlər doktorları Validə Yusifzadəni, Sabir Rüstəmovu, Əbülfət Rüstəmovu, Cəlal Şükürovu, Sayalı Tağıyevanı, Əkbər Ağayevi, Kamran Məmmədovu, Nadir Əlişovu, Sovet İttifaqı Qəhrəmanı Xəlil Məmmədovu, bəstəkarlar Süleyman Ələsgərovu, Əşrəf Abbasovu və başqalarını xatırlatmışdır. Məruzəçi xüsusi vurğulamışdır ki, bu məktəbin 150 illik yubileyi vaxtilə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə MK Bürosunun qərarına əsasən qeyd edilmişdir. Şuşanın ermənilər tərəfindən işğalından sonra məktəbin şagird və pedaqoji kollektivi respublikanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmışdır. Məktəb
Şuşanın digər təhsil ocaqlarından şagirdlər və müəllimlər cəlb olunmaqla 1992-ci ildən 2015-2016-cı tədris ilinə qədər Bakı şəhəri, Yasamal rayonu, 38 nömrəli orta məktəbin binasında, onun maddi-texniki bazasından istifadə etməklə ikinci növbədə fəaliyyət göstərmişdir. 2010-cu ilin dekabr ayında məktəbin 180 illik yubileyi dövlət səviyyəsində mütəşəkkil və təntənəli surətdə keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 sentyabr 2011-ci il tarixdə imzaladığı 1720 nömrəli Sərəncama uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, 2 yaşayış massivi, Ə.Əhmədov “15H” ünvanında inşa edilmiş Şuşa şəhər 1 nömrəli tam orta məktəbi 2015-2016-cı tədris ilində bütün təhsil infrastrukturu ilə həmin ərazidə yaşayan məcburi köçkün və yerli ailələrin övladlarının istifadəsinə verilmişdir.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Milli Məclisin deputatları - Elman Məmmədov, Flora Qasımova, Bəxtiyar Əliyev, Bəxtiyar Sadıqov və məktəbin yeni binasının tikintisində mühəndis kimi böyük zəhmət sərf etmiş İlhami Fətəliyev Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə təhsilin inkişafına göstərdikləri diqqət və qayğıdan danışmış, öz sevinclərini şuşalılarla bölüşmüşlər.
Yubiley tədbirinin iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Tədbir maraqlı bayram konserti ilə başa çatmışdır.