Şriftin ölçüsü :

Saytın rəngi :

“Müharibə üzlərdə” kitabının təqdimat mərasimi

25 dekabr 2015 | 16:00

 

2015-ci il dekabr ayının 25-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi Mərkəzinin dəstəyi ilə nəşr olunan - Azərbaycanın Əməkdar Jurnalisti Tatyana Çaladzenin “Müharibə üzlərdə” kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Qarabağ döyüşçüləri, Şuşa rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Torpaqlarının ərazi bütövlüyü uğrunda şəhid olmuş Azərbaycan övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov bildirmişdir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində , dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzu bizim hər birimizdə torpaqlarımızın tezliklə erməni işğalçılarından azad olunacağına tam əminlik yaratmışdır.

Bayram Səfərov öz çıxışında qeyd etmişdir : “ Tatyana Çaladze Latviyada anadan olmuş və orada jurnalist fəaliyyətinə başlamışdır. O, 1992-ci ildə Dağlıq Qarabağ müharibəsini işıqlandırmaq, Azərbaycanın haqq səsini dünyaya tanıtmaq üçün ölkəmizə gəlmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyul 2010-cü il tarixli Sərəncamı ilə Tatyana Çaladze Azərbaycan Respublikasının “Əməkdar Jurnalisti” fəxri adına layiq görülmüşdür. Onu Azərbaycana gətirən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ermənilərin yalançı iftiraları haqqında birtəfəli məlumatların yayılması idi. Bu kitabda göstərildiyi kimi, Tatyana Çaladze döyüş zonalarının ən qaynar nöqtələrində olmuş, döyüşlərdə iştirak etmiş, yaralanmışdır. Tatyana xanım Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında bir çox məqalələrin

müəllifidir. O,erməni terror təşkilatlarının bəşəriyyət əleyhinə törətdiyi cinayətlər haqqında məsələni açıq şəkildə qaldırmış ilk əcnəbi jurnalistlərdən biridir. Bu kitabda erməni silahlı qüvvələrinin törətdiyi vəhşiliklərin canlı şahidi olan Tatyana Çaladze Azərbaycanın igid oğlanlarının keçdiyi döyüş yolunu əks etdirən fotolarından ibarət bir albom yaratmışdır. Bu kitabın ümumtəhsli məktəblərində yayılmasını çox məqsədəuyğun hesab edirəm. Çünki, yeniyetmə və gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsi baxımından çox əhəmiyyətlidir. “ B. Səfərov kitabın işıq üzü görməsində əziyyəti olan hər kəsə öz təşəkkürünü bildirmişdir.

Mərasimdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, kitabın ideya müəllifi Ayaz Salmanov, Milli Məclisin deputatları Flora Qasımova, Elman Məmmədov Qarabağ haqqında həqiqətlərin növbəti dəfə Azərbaycan auditoriyasından kənara çıxarması baxımından müəllifin əsərini yüksək qiymətləndirmiş, müharibə ərəfəsində onun məcburi köçkünlərlə bərabər çəkdiyi əzablarından, qorxmaz və mərdliyindən, təvazökarlığından, insanpərvərliyindən söz açmışlar.

Sonra Azərbaycan Respublikasının Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Səlimov istedadlı qələm sahibi tərəfindən yazılan kitab haqqında öz mülahizələrini bildirmişdir.

Sonda kitabın müəllifi Tatyana Çaladze bugünkü mərasimi yüksək səviyyədə təşkil etdiyinə görə Bayram Səfərova öz təşəkkürünü bildirmişdir.

Keçidlər