Şriftin ölçüsü :

Saytın rəngi :

“14 iyul 1969-cu il – zirvəyə yüksəlişin başlandığı gün” adlı tədbir keçirilmişdir

12 iyul 2024 | 17:57
 
12 iyul 2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətində “14 iyul 1969-cu il – zirvəyə yüksəlişin başlandığı gün” adlı tədbir keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, rayonun idarə, müəssisə rəhbərləri, rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şuşa RİHB-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov tədbir iştirakçılarını salamlayaraq, dünya şöhrətli siyasətçi Heydər Əliyevin bənzərsiz ömür yolu, zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etdi.
14 iyul 1969-cu il. Məhz bu tarix yaddaşlara Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıc günü kimi həkk olunub. Həmin gün siyasi hakimiyyətə gələn, daha doğrusu, Azərbaycan Kommunist Partiyasının Birinci katibi seçilən Ulu Öndər Heydər Əliyev, sözün həqiqi mənasında, respublikamızın dirçəlişinin, yüksəliş erasının əsasını qoyub. Bəli, məhz onun siyasəti nəticəsində elə həmin ildən Azərbaycan sosial-iqtisadi göstəricilərə görə SSRİ-nin qabaqcıl respublikalardan birinə çevrilib.
Heydər Əliyev ötən əsrin görkəmli siyasi və dövlət xadimi kimi, bütün dünyada yaxşı tanınmış və artıq öz sağlığında tarixə düşmüş nəhəng şəxsiyyətdir. Heydər Əliyevin tarixin ən çətin, məsuliyyətli anlarında xilaskarlıq simvoluna çevrilərək Azərbaycan xalqının ruhuna bir nəfəs kimi qayıdan, onu canı-qanı qədər sevərək hifz edən, milli mövcudluğunu yaşatmaq kimi ağır yükün altına çiyinlərini heç nədən çəkinmədən mərdliklə verən xarqüladə şəxsiyyət olduğu aşkar görünür. Azərbaycanın müasir siyasi tarixinin bir çox səhifələri ulu öndər Heydər Əliyevlə, onun çoxtərəfli və genişmiqyaslı zəngin dövlətçilik fəaliyyəti ilə bağlı olmuşdur. Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən xilas etmişdir. Heydər Əliyevin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsidir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Heydər Əliyev Azərbaycan xalqı üçün tarixin bəxş etdiyi misilsiz bir şəxsiyyətdir və hamı onun nə dərəcədə əlçatmaz olduğunu çox gözəl bilirdi. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib. Amma respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib.
Çıxış edənlərin hər biri Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərini qeyd edərkən, öncə onun 1969-1982-ci illərdə, sovet dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirməyin vacibliyini vurğuladılar. Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərliyə gəlməsi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. Belə ki, məhz 1969-cu ilin iyulunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Onun təşəbbüsü ilə qısa vaxt ərzində şəhərlərimizdə mühüm sənaye müəssisələri inşa edilib, respublikanın təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib. Respublikaya rəhbərlik etdiyi dövrdən etibarən Heydər Əliyev minlərlə azərbaycanlı gənci SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərib. Eyni zamanda, Heydər Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində bu gün gənclərin təhsil aldıqları xüsusi təyinatlı təhsil müəsissəsinin əsası 1971-ci ildə qoyulub. Belə ki, Ümummilli Lider sovet hakimiyyətinin ən sərt dövründə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaradıb. Bu tədris ocağı fəaliyyətdə olduğu müddətdə ordu üçün yüzlərlə, minlərlə peşəkar hərbçi kadrlar hazırlayıb. Sovet rejiminin hökmran olduğu bir vaxtda heç kim bu məsuliyyəti öhdəsinə götürməyə risk etməzdi. Bu addım yalnız xalqının gələcəyini düşünən, millətinə qəlbən bağlı olan, həyatını Vətəninin çiçəklənməsinə həsr edə bilən Heydər Əliyev kimi dahi şəxsiyyət tərəfindən atıla bilərdi.
Beləliklə, 1969-cu ilin 14 iyul tarixində Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi Azərbaycanın gələcəyi üçün müstəsna rol oynayıb. Azərbaycan dövlətinin həqiqi inkişafı məhz o gündən başlayır. Xalqımızın xilaskar oğlu Heydər Əliyevin Azərbaycanda ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. Belə ki, 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı dövr kimi daxil olub. Əgər Ulu Öndər həmin vaxt xalqımızın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəlməsəydi, bəlkə də bu gün dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlət mövcud olmayacaqdı. Bir tərəfdən vətəndaş müharibəsi, digər tərəfdən hakimiyyət böhranı ilə üz-üzə qalan Azərbaycana rəhbərlik etmək məsuliyyətini yalnız Heydər Əliyev öz üzərinə götürə bilərdi. Buna görə də birmənalı şəkildə demək olar ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanımızın xilaskarı və banisidir!
Ona görə ki, 1993-cu ilin yayında Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi dövlətimizin daxili və xarici siyasətinin yeniləşməsinə və ölkənin strateji maraqlar əsasında yenidən qurulmasına şərait yaratdı. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı dünya xəritəsindən silinməkdən, keçmişdə olduğu kimi xanlıqlara bölünməkdən, bütövlükdə məhv olmaqdan xilas etdi. Qısa müddət ərzində Ulu Öndər vətəndaş müharibəsinin qarşısını aldı, qanunsuz silahlı dəstələri ləğv etdi, uzunmüddətli atəşkəsə nail oldu. Ümummilli Liderin hakimiyyətinin ilk illərindən Azərbaycanda müstəqillik, iqtisadi yüksəliş, azadlıq, elmi tərəqqi dövrü başladı. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti nəticəsində Azərbaycanın neft strategiyası müəyyən edildi və 20 sentyabr 1994-cü il tarixində “Əsrin müqaviləsi” imzalandı. Qısa müddət ərzində Azərbaycan BMT başqa olmaqla, nüfuzlu beynəlxalq təşkilatların layiqli üzvünə çevrildi.
Ulu Öndərin əvəzsiz xidmətlərindən biri də Azərbaycan xalqının gələcək tərəqqisini təmin edən İlham Əliyev kimi böyük bacarığa malik siyasi xadim yetişdirməsi idi. Ümummilli Liderin dövlətimizin yüksək inkişaf səviyyəsinə nail olması üçün yürütdüyü siyasi kursu bu gün Onun layiqli varisi Prezident İlham Əliyev uğurla davam etdirir. Ona görə də Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir!
Sonda Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu.
Keçidlər