Şuşa Dövlət Musiqili Dram Teatrı “2+1” eksperimental teatr festivalında iki tamaşa ilə çıxış edəcəkdir
Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi noyabrın 21-dən 26-dək Bakıda keçiriləcək “2+1” eksperimental teatr festivalında iki tamaşa ilə çıxış edəcəkdir.
Teatrın direktor müavini Azad Məmmədov bildirmişdir ki, teatrın təqdimatında nümayiş olunacaq ilk səhnə əsəri yazıçı-dramaturq Elçin Hüseynbəylinin “İki nəfər üçün oyun” tamaşası olacaqdır. Tamaşanın quruluşçu rejissoru Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədovdur. Səhnə əsərində baş rolları Püstəxanım Zeynalova və Nazir Rüstəmov ifa edəcəklər.
Teatrın təqdim edəcəyi növbəti tamaşa Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanmış “Cəhənnəm sakinləri”dir.
Tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Firudin Bağıroğludur. Əsas rollarda Püstəxanım Zeynalova, İqrar Salamov, Nazir Rüstəmov və başqaları çıxış edəcəklər.
Hər iki tamaşa noyabrın 21-də Aktyorlar evində nümayiş olunacaqdır.