“Xocalı soyqırımı xarici jurnalistlərinin gözü ilə”
Bu gün Şuşa rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təşkil etdiyi Xocalı soyqırımınının 24-cü ildönümünə həsr olunmuş tədbir baş tutub. Səriyyə Müslümqızının ssenarisi əsasında “Xocalı soyqırımı xarici jurnalistlərinin gözü ilə” filminin ilk dəfə təqdimatı keçirilib. Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, millət vəkilləri Elman Məmmədov, Rövşən Rzayev həmçinin Xocalıdan olan sakinlər və digər qonaqlar iştirak ediblər.
Çıxış edən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov bildirib ki, ermənilər tərəfindən insanlarımıza qarşı olmazın əzabın verilməsi, insanların diri-diri yandırılması, dərilərinin soyulması heç zaman unudula bilməz: “Bu cür cinayəti törədənlər məhkəmə qarşısında dayanmalı və cavab verməlidirlər. Biz heç vaxt Xocalı soyqırımını unutmalı deyilik. Ölkə başçımız, Ali Baş Komandanımız cənab İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olmalı, qisas almalıyıq”.
Daha sonra çıxış edən millət vəkili Elman Məmmədov fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin dinc insanlara qarşı həyata keçirdiyi dəhşətli qətliamlardan danışıb. O, Ermənistanın əsir və girov götürdüyü Xocalılara dəhşətli işgəncələr verdiyini, bunun nəticəsində çoxlu sayda insanın vəfat etməsi, Ermənistan Silahlı Qüvvələrinin Xocalı şəhərini tamamilə darmadağın etməsi barədə də tədbir iştirakçılarına geniş məlumatlar verib.
Xocalı soyqırımına həsr olunmuş film barədə yaradıcı heyət tərəfindən məlumat verildikdən sonra film tədbir iştirakçılara təqdim olunub.
Sonda Xocalı sakinlərinin, canlı şahidlərin fikirləri dinlənilib.