“15 iyun – Milli Qurtuluş günü”nə həsr edilmiş tədbir keçirilmişdir
13 iyun 2024 | 15:40
13 iyun 2024-cü il tarixdə Quşçular kənd uşaq musiqi məktəbinin akt zalında Dövlətçilik tariximizin “Milli Qurtuluş Günü” münasibətilə Şuşa Rayon Mədəniyyət Evinin bayram tədbiri keçirilmişdir. Tədbirdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, RİHB Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov, Şuşa Rayon Mədəniyyət Evinin direktoru Rüstəm Əliyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının Şuşa rayon şöbəsinin sədri Ağalar Əliyev, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Uşaq Musiqi Məktəblərinin kollektivləri iştirak edirdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan olundu. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva tədbir iştirakçılarını “15 iyun Milli Qurtuluş Günü” münasibətilə təbrik edərək, dövlətimiz və xalqımızın həyatında müstəsna əhəmiyyətindən danışaraq bildirdi ki, Ulu Öndərin böyük ideyalarını layiqincə davam etdirən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun, igid oğullarımızın şücaəti ilə bu gün işğaldan azad edilən bütün ərazilərdə, o cümlədən doğma şəhərimiz Şuşada möhtəşəm bərpa və quruculuq işləri aparılır, əhalinin mərhələli şəkildə köç prosesi həyata keçirilir. Vüsalə Fətəliyeva bütün xalqımızı, əhalimizi tədbir iştirakçılarını təbrik edərək hər bir Azərbaycan vətəndaşına Müstəqilliyimizi, Vətənimizi göz bəbəyi kimi qorumağı, dövlətimizin tərəqqisi naminə bütün məsul işlərdə daha fəal, daha bilikli və çalışqan olmağı arzuladı.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının Şuşa rayon şöbəsinin sədri Ağalar Əliyev çıxış edərək ölkənin xaos, anarxiya şəraitində yaşadığı o günlərdə Azərbaycanın parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi qarşısında qaldığını bildirərək, xalqımızı bu çətin şəraitdən çıxarmaq üçün öz xilaskarı kimi Heydər Əliyevə üz tutmasının düzgün tarixi seçim olduğunu qeyd etdi. Ulu Öndərin iqtisadiyyatın, elm və təhsilin inkişafında, respublikamızın gələcəyi naminə müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətini bildirdi.
Sonda Şuşa Mədəniyyət Evinin, Bülbülcan, Quşçular, Xəlfəli kənd uşaq musiqi məktəblərinin istedadlı müəllim və şagirdlərinin ifasında musiqilər dinlənildi. Şuşa Dövlət Rəsm Qalareyasının təqdimatında həmin dövrlə bağlı rəssam Rövşən Bayramovun qrafika ilə çəkilmiş əsərləri nümayiş olundu.