Şriftin ölçüsü :

Saytın rəngi :

“15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib

09 iyun 2026 | 17:30
​Şuşa Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
​Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
​Tədbirin açılışından sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətlərə həsr olunmuş videoçarx nümayiş etdirilib.
​Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, müstəqil dövlətçiliyimizin xilası və inkişafının əsasını təşkil edən tarixi hadisədir. O qeyd edib ki, 1993-cü ilin iyun ayında ölkədə hökm sürən dərin siyasi böhran, vətəndaş qarşıdurması və dövlətçiliyin itirilməsi təhlükəsi fonunda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı ağır sınaqlardan çıxararaq sabitlik və inkişaf yoluna çıxarıb. Bildirilib ki, Ulu Öndərin müəyyən etdiyi dövlətçilik kursu nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib, ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Natiq vurğulayıb ki, bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs uğurla davam etdirilir, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, "Böyük Qayıdış" proqramı çərçivəsində doğma yurd yerlərinə həyat yenidən qayıdır.
​Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev çıxışında qeyd edib ki, Milli Qurtuluş Günü təkcə tarixi hadisə deyil, həm də Azərbaycan xalqının milli birliyinin, dövlətçilik iradəsinin və müstəqillik əzminin təcəssümüdür. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayaraq xalqın rifahına və dövlətin inkişafına xidmət edən siyasətin əsas aparıcı qüvvəsinə çevrilib. Təvəkkül Əliyev bildirib ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və dövlətçilik ənənələrinin yaşadılması qarşıda duran əsas vəzifələrdəndir. O, Milli Qurtuluş ideyalarının bu gün də öz aktuallığını qoruduğunu və müasir Azərbaycanın uğurlarının məhz həmin möhkəmlik üzərində qurulduğunu diqqətə çatdırıb.
​Şuşa Humanitar Kollecinin direktoru Mehriban Qasımova Ümummilli Liderin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan, milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyətindən danışıb.
​Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şuşa rayon şöbəsinin sədri Ağalar Əliyev isə çıxışında 1993-cü ilin mürəkkəb ictimai-siyasi şəraitini xatırladaraq, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışının ölkəmizi parçalanmaq təhlükəsindən xilas etdiyini və Azərbaycanı inkişaf yoluna çıxardığını qeyd edib.
​Tədbir çərçivəsində Vətən müharibəsi şəhidi Allahverdiyev Allahverdi Əli oğlunun atası Allahverdiyev Əli Barat oğlu təltif olunub. Təltif təqdim edilərkən qeyd olunub ki, Azərbaycan xalqı Vətən uğrunda canından keçmiş qəhrəman övladlarının xatirəsini daim əziz tutur, onların ailələrinə xüsusi ehtiram və qayğı göstərir. Bildirilib ki, Vətən müharibəsində şanlı Qələbəmizin qazanılmasında şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.
​Həmçinin “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Müasir şəhərsalma vizyonu: Ənənə və İnnovasiyanın harmoniyası” adlı rəqəmsal ideya müsabiqəsinin final mərhələsində III yerə layiq görülmüş Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşı İbrahimov Faiq Natiq oğlu təltif edilib.
​Daha sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub. Gənclər göstərilən etimada görə minnətdarlıqlarını bildirərək, ölkəmizin inkişafı və dövlətçilik dəyərlərinin təbliği istiqamətində fəal olacaqlarını vurğulayıblar.
​Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, iştirakçılar xatirə şəkli çəkdiriblər.
Keçidlər