Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər arasında şahmat turniri keçirilmişdir

11 mart 2016 | 16:00


11 mart 2016-cı il tarixdə Yasamal rayonu ərazisində yerləşən Şuşa şəhər 1saylı tam orta məktəbində Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi tərəfindən Novruz bayramı münasibətilə Şuşa, Xocalı, Xocavənd rayonları və Xankəndi şəhəri üzrə ümumtəhsil məktəbləri arasında şahmat turniri keçirilmişdir. II - VI sinif və VII - IX sinif şagirdləri arasında olimpiya sistemi üzrə keçirilmiş yarışların hər birində 12 nəfər məktəbli iştirak etmişdir.
Yarışların təntənəli bağlanış mərasimini məktəbin akt zalında keçirilmişdir. Şuşa rayon İcra Hakimiyyəti Başçısının Humanitar məsələlər üzrə müavini Vüsalə Fətəliyeva tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlamış, çıxış üçün sözü qonaqlara vermişdir.
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin Başçısı Bayram Səfərov, Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikasının millət vəkili Flora Qasımova çıxış etmişlər.
Daha sonra yarışların baş hakimi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator – kuratoru Salman Əbdülovun yekun hesabatı dinlənildikdən sonra II - VI sinif şagirdləri arasında keçirilən yarışda I yeri tutmuş Tahirov Abbas (Xocavənd), II yeri tutmuş Quliyeva Ləman (Xocalı), III yeri tutmuş Tahirova Fidan (Xocavənd), həmçinin yarışda xüsusi fərqlənmiş Quliyeva Məryəm (Xocalı), Məhərrəmov Məhərrəm (Şuşa), VII - IX sinif şagirdləri arasında keçirilən yarışda I yeri tutmuş Nəzərov Səyyad (Xocavənd), II yeri tutmuş Qaraşlı Aqşin (Xankəndi), III yeri tutmuş Quliyev Elnur (Xocavənd), həmçinin yarışda xüsusi fərqlənmiş Novruzov Kənan (Xocalı), Qəmbərov Bulud (Şuşa) müvafiq dərəcəli diplomlar, medallar, xatirə hədiyyələri və pul mükafatları ilə təltif olunmuşlar.
Qalibləri təbrik edirik !

Keçidlər