"Bölgələrdən paytaxta” layihəsinin Şuşaya həsr olunan təqdimatı keçirilib.
“Bolgələrdən paytaxta” layihəsi çərçivəsində Şuşa
rayonunun təqdimatı
Mədəniyyət və Turizm nazirliyi “Bölgələrdən paytaxta” layihəsini 2016-cı ildə də davam etdirərək, ölkəmizin qədim və zəngin mədəniyyətinin, bölgələrin adət-ənənələrinin Bakı şəhərində geniş təbliğinə geniş zəmin yaratmışdır. Layihə çərçivəsində növbəti təqdimat Şuşa rayonuna həsr olunmuşdur.
Tədbir martın 14-də Mədəniyyət və Turizm nazirliyinin, Şuşa rayon İcra Hakimiyyətinin və Şuşa şəhər Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Muğam Mərkəzinin foyesində Şuşanın mədəniyyətini əks etdirən stendlər, şəkil qalereyası, teatr, poeziya sənətinin tarixi, milli dəyərlərin göstəriciləri, xalça və folklor nümunələri, rayon haqqında nəşrlərdən ibarət sərgi ilə yaxından tanış olmuşlar.
Tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edərək Şuşanın tarixi keçmişindən, müasir mədəniyyətindən söz açaraq bildirmişdir ki, Azərbaycanın dilbər guşələrindən olan bu məkan hər zaman ölkəmizin musiqi mədəniyyətinə öz layiqli töhfələrini vermişdir. Təqdimatın məhz Muğam Mərkəzində təşkilinin “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində keçirilən digər məkanlardan fərqləndiyini söyləyən cənab nazir Şuşada mövcud olan mədəniyyət ocaqlarının, musiqi məktəblərinin bu gün də öz fəaliyyətini davam etdirdiyini vurğulamışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirdi ki, bu problem ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaqdır. Azərbaycan dövləti bu istiqamətdə mühüm layihələr, proqramlar həyata keçirir. “Buna baxmayaraq biz o vaxt rahatlıq tapacağıq ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi həll
olunacaq. Əminik ki, Prezident İlham Əliyevin səyləri nəticəsində bu məsələ qısa bir zamanda işğal altındakı torpaqlarımız azad olunacaq və biz belə bir təqdimatı Şuşada keçirəcəyik”, - deyə nazir vurğulayıb. Ə.Qarayev bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri və təşəbbüsləri nəticəsində keçirilən bütün musiqi layihələrində Şuşanın, Qarabağın musiqi irsi təbliğ olunur. İnanırıq ki, nə vaxtsa Şuşanın da adını UNESCO-nun inciləri sırasına daxil edəcəyik.
Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov ölkəmizdə milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsi sahəsində ümummilli liderimiz Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işlərdən söz açan B.Səfərov deyib ki, ötən müddət ərzində Azərbaycanın haqq işinin dünyada tanıdılmasına nail olunduğunu, Qarabağın qədim tarixindən söz açaraq vurğulayıb ki, “Bölgələrdən paytaxta” adlı yeni layihə Şuşa ictimaiyyəti arasında da böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Belə tədbirlərin təşkilinin Şuşanın daha yaxından tanınmasına təkan verəcəyini diqqətə çatdıran Bayram Səfərov tədbirin təşkilində əməyi olan hər kəsə öz minnətdarlığını bildirmişdir.
Sonra rayonun ictimai-siyasi, zəngin mədəniyyətindən bəhs edən film nümayiş etdirilmişdir.
Bədii hissədə rayonda fəaliyyət göstərən musiqi kollektivlərinin və incəsənət ustalarının çıxışları maraqla qarşılanmışdır.