16 aprel 2026-cı il tarixdə Şuşa rayon sakinləri ilə Şuşa Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşü keçirildi
Şuşa rayon sakinlərini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tərəfindən davamlı olaraq səyyar qəbullar keçirilir. 16 aprel 2026-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Şuşa rayon 3 nömrəli tam orta məktəbdə keçirilən görüşdə çıxış edən RİH başçısı Bayram Səfərov Cənab Prezident İlham Əliyevin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. Rayon rəhbəri bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə keçirilən səyyar qəbulların əsas məqsədi əhali ilə daha sıx təmasda olmaqla insanların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir. Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar problemləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olundu, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığına görə məmnun qaldıqlarını bidirərək, onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.






