Şuşalılar da Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünü qeyd etmişlər
Oktyabrın 15-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin xalqımızın tarixində mühüm hadisə olduğunu vurğulamışdır.
V.Fətəliyeva Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün başlandığı bir şəraitdə müstəqilliyimizin əldə olunması, eləcə də Azərbaycandakı ictimai-siyasi proseslər barədə məlumat vermişdir. O, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, əbədiliyinin və dönməzliyinin təmin edilməsində müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışdır.
Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev isə tədbirdə “Dövlət müstəqilliyinin bərpası xalqımızın tarixi nailiyyətidir” mövzusunda məruzə ilə çıxış edərək ölkə daxilində gedən demokratik proseslərin və iqtisadi yüksəliş nəticəsində bu gün dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətinin Azərbaycana yönəldiyini vurğulamışdır. Məruzəçi ölkəmizdə elmə, təhsilə və mədəniyyətə göstərilən diqqət və qayğıdan, Azərbaycanın bu sahədəki uğurlarından danışmışdır.
Professor Elçin Əhmədov Azərbaycanın müasir xarici siyasəti və beynəlxalq münasibətlər sistemində oynadığı rolundan, dövlətimizin diplomatik uğurlarından danışmış, eləcə də ölkəmizin regionda lider dövlətə çevrildiyini diqqətə çatdırmışdır. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə tarixi qayıdışını mühüm hadisə adlandıran və həmin dövrdən başlayaraq ölkəmizin dünyada artan nüfuzunu qeyd edən E.Əhmədov hazırda ulu öndərin uğurlu siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulamışdır.
Çıxışlardan sonra tədbir Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında ədəbi-bədii kompozisiya ilə davam etmişdir.