16.09.2023 - cü il tarixdə Şuşa Dövlət Musiqili Dram Teatrı 150 - ci teatr mövsümünə Jalə Novruzun" Molla Nəsrəddini Tapın" tamaşasının premyerası ilə başladı.
16 sentyabr 2023 | 19:55
16.09.2023 - cü il tarixdə Şuşa Dövlət Musiqili Dram Teatrı 150 - ci teatr mövsümünə Jalə Novruzun" Molla Nəsrəddini Tapın" tamaşasının premyerası ilə başladı. Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Mövsümün açılışı ilə bağlı tədbirdə giriş sözü ilə teatrın direktoru Yadigar Muradov çıxış edərək teatrın keçdiyi çətin yoldan və bu illər ərzində əldə etdiyi uğurlardan danışıb, yeni mövsüm münasibətilə kollektivi təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Sonra tədbirdə iştirak edən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva ölkə başçısının teatr sənətinə xüsusi qayğısını qeyd etdi, teatrlarımızın beynəlxalq səviyyədə də uğurla təmsil olunduğunu vurğuladı. Vüsalə xanım uzun illər teatrın səhnəsində rəngarəng rolları ilə tamaşaçı rəğbətini qazanan aktyorlara nümayiş etdirdikləri peşəkarlığa görə öz minnətdarlığını bildirdi, tarixi simasını bərpa etməkdə olan gözəl Şuşamızda teatrın biri -birindən gözəl səhnələrinə tamaşa edəcəyimizə əminlik ifadə etdi.
Daha sonra şair, yazıçı, kinodramaturq İlqar Fəhmi çıxış edərək teatrın fəaliyyətini yüksək qiymətləndirdi, yeni mövsümdə teatrın rəhbərliyinə və kollektivinə yeni yaradıcılıq uğurları arzuladı.
Şuşa teatrının təməli 1874 - cü ildə qoyulmuşdur. 1943 -cü ildə teatr Üzeyir Hacıbəyli adına Şuşa Dövlət Musiqili Dram Teatrı adlandırılmışdır. 1949 -cu ildə isə teatrın fəaliyyətinə xitam verilmişdir. Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti 1990- cı ildə bərpa edilmişdir.
1992 - ci ildən bu günə kimi Şuşa Dövlət Musiqili Dram Teatrı fəaliyyətini Bakı şəhərində davam etdirir.
13 fevral 1993 - cü ildə Bakıda Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” operettası ilə teatrın rəsmi açılışı olmuşdur.
Ötən dövr ərzində Şuşa Dövlət Musiqili Dram Teatrı 21 festivalda, o cümlədən 4 Beynəlxalq festivalda iştirak etmişdir. Hal-hazırda teatrın cari repertuarında 18 tamaşa, o cümlədən 9 uşaq tamaşası, 4ədəbi-bədii kompozisiya vardır.
Şuşa Dövlət Musiqili Dram Teatrının ən böyük uğuru və qazandığı ən böyük mükafat isə Şuşa şəhəri işğaldan azad edildikdən sonra, 2022 -ci ildə ilk dəfə olaraq, Şuşa şəhərində Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası, həmçinin 2023 -cü ildə keçirilən “Xarıbülbül” Beynəlxalq musiqi festivalında 9 tamaşa ilə çıxış etməsi olmuşdur.