Milli-mənəvi dəyərlərin qorunması və gənclərin vətənpərvərlik tərbiyəsində rolu
Milli-mənəvi dəyərlərin qorunması və gənclərin vətənpərvərlik tərbiyəsində rolu
Şuşa rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin təşkilatçılığı ilə 2016-cı il aprel ayının 22-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbində “Milli-mənəvi dəyərlərin qorunması və gənclərin vətənpərvərlik tərbiyəsində rolu” adlı tədbir keçirilmişdir.
Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin məsul işçiləri, ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, “Uşaq birliyi” təşkilatlarının rəhbərləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, məktəb psixoloqları, IX-X-XI sinif şagirdləri, Şuşa Humanitar və Musiqi kolleclərinin tələbələri iştirak etmişlər.
“Multikulturalizm ili” çərçivəsində təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi lə başlanmışdır.
Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva tədbirdə çıxış edərək, Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox mühüm diqqət və qayğı göstərməsindən danışmış, şuşalı gənclərə xalqımızın milli - mənəvi dəyərlərini yüksək səviyyədə qoruya bilməsi ilə bağlı öz dəyərli məsləhət və tövsiyələrini vermişdir. V. Fətəliyeva öz çıxışında insan həyatında mənəviyyatın rolundan qanışmış, müasir dövrdə Azərbaycanın multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətləri gənclərin diqqətinə çatdırmış, aprel ayının əvvəlində Ermənistanın Azərbaycana qarşı növbəti təxribatının qarşısının alınmasında qəhrəmanlıq göstərən, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan igid oğullarımızın hünər və şücaətindən söz açmışdır.
Şuşa rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva “Milli-mənəvi dəyərlərin qorunması və gənclərin vətənpərvərlik tərbiyəsində rolu” adlı məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli–mənəvi dəyərlərimizin bərpasında və qorunmasında, milli ideologiyanın və mədəniyyətimizin inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəsna xidmətləri vardır.
Bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri olduğu üçün, belə bir vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranmışdır. Bu dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər - vətən, doğma ocaq sevgisi, namus-qeyrət təəssübkeşliyi, vətənpərvərlik, böyük-kiçik, ədəb-ərkan, bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mədəniyyətimizdir. Öz qədim tarixi irsinə, milli-mənəvi, maddi-mədəni dəyərlərinə sadiq qalan hər bir gənc vətənə məhəbbət, torpağa sədaqət ruhunda tərbiyə olunmalıdır.Gənclərimizi düzgün istiqamətləndirmək, mənəvi tərbiyə aşılamaq, ailələrin, təhsil müəssisələrinin, söz sahibi olan insanların, ağsaqqalların, xüsusilə ziyalıların üzərinə düşür. Milli-mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələrinin təsir dairəsi və tərbiyəvi rolu da böyük önəm daşıyır. Torpaqlarımızın erməni işğalçıları tərəfindən təcavüzə məruz qaldığı bir zamanda, doğma yurd yerlərimizin xilası naminə gənc nəsildə doğma torpağa və xalqa məhəbbət, vətənin ərazi bütövlüyünə və müstəqilliyinə sədaqət kimi hisslər və yüksək ideyalar aşılanması baxımından bu cür tədbirlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Sonra G. Babayeva aprel ayında Şuşa rayon ümumtəhsil müəssisələri arasında keçirilən “Milli-mənəvi dəyərlərimiz Sizin dünyagörüşünüzdə” adlı sorğunun nəticələri barədə məlumat vermiş, fərqlənənlərin adı çəkilərək, onlara təşəkkür edilmişdir. Məktəblər arasında Şuşa şəhər 1, 7, 9, 11 nömrəli və Xankəndi şəhər 4 nömrəli orta məktəbin şagirdlərinin daha fəal iştirak etdiyi diqqətə çatdırılmışdır.
Rayon Təhsil şöbəsinin müdiri T.Əliyev, Şuşa Humanitar Kollecinin direktoru Rəsul İsmayılov, Şuşa Musiqi Kollecinin direktoru Rasim Mehtiyev, rayon Gənclər və İdman idarəsinin rəisi N. Bayramov çıxşı edərək, milli-mənəvi dəyərlərin qorunması və gənclərin vətənpərvərlik tərbiyəsindəki böyük əhəmiyyətindən söz açmışlar.
Yüksək vətənpərvərlik tərbiyəsinə xidmət edən bədii hissə-Şuşa Humanitar Kollecinin tələbələrinin ifasında “Azərbaycan əsgəri” adlı ədəbi-bədii kompozisiya, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin VII sinif şagirdi İsmayıl Quliyevin və 7 nömrəli məktəbin IX sinif şagirdi Könül Ələkbərlinin ifasında səslənən şeirlər, Şuşa Humanitar Kollecinin tələbəsi Nərmin Əjdərovanın ifasında “Çırpınırdı Qara dəniz” mahnısı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.