Aprelin dörd günü
Aprelin dörd günü
2016–cı il aprel ayının ilk günləri xalqımızın yaddaşına zəfərlə yazıldı. Ordumuz saxta erməni mifini darmadağın etdi! Azərbaycan düşmənə nəyə qadir olduğunu göstərdi.
Ordumuzun göstərdiyi bu şücaət, hamı kimi Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivini də ürəkdən sevindirir. Şuşa teatrının yaradıcı heyəti doğma Şuşaya qayıtmağın sevincini yaşayaraq, ordumuzun qələbə ruhunu əks etdirən “Aprelin dörd günü” adlı musiqili ədəbi – bədii kompozisiya hazırlamışdır.
Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24–cü ildönümü ilə əlaqədar keçirilən - Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi, Şuşa Dövlət Musiqili Dram Teatrı, “Azərsun Holdinq” Şirkətlər qrupunun "Vətən dərsi" birgə layihəsi çərçivəsində may ayının 4–dən etibarən təqdim olunan kompozisiya, Azərbaycan və Türk şairlərinin şeirləri əsasında Loğman Kərimov tərəfindən səhnələşdirilmişdir. Kompozisiyanın hazırlanmasında Azərbaycan bəstəkarlarının musiqilərindən, Azərbaycan ordusunun qüdrətini əks etdirən video materiallardan istifadə olunmuşdur.
04 may 2016-cı il tarixdə “Azərsun Holdinq” Şirkətlər qrupunun Mədəniyyət Mərkəzində keçirilən tədbiri Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vusalə Fətəliyeva açaraq, aprel ayının əvvəlində işğalçı Ermənistanın hərbi birləşmələrinin atəşkəs rejimini pozaraq mövqelərimizə etdiyi hücumların qarşısını alan zaman igid oğullarımızın göstərdiyi qəhrəmanlığı, qazanılan qələbəni Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi kimi dəyərləndirmiş, ordumuzun rəşadəti sayəsində torpaqlarımızın tezliklə düşmən işğalından azad ediləcəyinə, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıdacaqlarına inam ifadə etmişdir.
Şəhid olmuş bütün Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə “Azərsun Holdinq” Şirkətlər qrupunun əməkdaşı Afik Səfərov çıxış edərək aprelin dörd günü ərəfəsində əsgər və zabitlərimizin şücaətini, qəhrəmanlığını xüsusi qeyd etmişdir. Eyni zamanda tədbir Bakı şəhərinin Yasamal rayonunun ərazisində yerləşən 53 nömrəli məktəbdə davam etmişdir. Tədbirlər bir neçə gün davam edəcək.