Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü

07 may 2016 | 16:00

06 may 2016-cı il tarixdə Ulu Öndərimiz Heydər Əliyevin anadan  olmasının 93-cü ildönümü münasibətilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai  Birliyi və Şuşa Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası  (YAP) Şuşa rayon təşkilatı ilə birlikdə “Nəsillərə nümunə olan şərəfli ömür yolu” adlı konfrans keçirilmişdir. Əvvəlcə, konfrans iştirakçıları  Ulu Öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər  düzərək xatirəsi yad etmişlər.
Konfrans iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətinə  həsr olunmuş filmə baxdıqdan sonra bəstəkar Sevinc Tofiqqızının Ulu Öndərim- “Xatirələr” kompozisiyası təqdim olunmuşdur.
Konfransı açan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai  Birliyinin rəhbəri Bayram Səfərov “Heydər Əliyev və milli xilaskarlıq missiyası” mövzusunda çıxışında qeyd etmişdir ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün  təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli  və müdrik şəxsiyyət Heydər Əliyevin  həyat  və fəaliyyəti müasir tariximizin ən  mühüm və şərəfli mərhələsini təşkil edir. Heydər Əliyev bəşər tarixinin nadir  şəxsiyyətlərindəndir ki, onun özündən  sonra qoyub getdiyi ideyaları nəinki doğma məmləkətimiz üçün, o cümlədən  dünya ölkələri üçün də böyük əhəmiyyət  kəsb edir. Bayram Səfərov  daha sonra  qeyd etmişdir ki, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin  bütün  mərhələlərində  öz xalqına sonsuz məhəbbət  və sədaqət  hissi ilə, qurub-yaratmaq  amalı ilə yaşamış, özünün zəngin və  mənalı həyatı boyu daim xalqını, doğma  vətənini düşünmüş, onun inkişafı üçün  əzmlə çalışmış və üzləşdiyi çətinliklərdən  xilas etmək üçün fədakarlıq  göstərmişdir. Bu gün minnətdarlıq hissi ilə qeyd etmək olar ki, müstəqil  Azərbaycanın mövcudluğu, qüdrətli  bir ölkə kimi təşəkkülü  Heydər Əliyev siyasətinin bəhrəsidir və  biz hamımız bunun üçün dahi və  bənzərsiz insana borcluyuq. Müstəqil  Azərbaycan Heydər Əliyevin şah əsəridir, onun öz xalqı qarşısında tarixi  xidmətidir.
Daha sonra YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev ”Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları işığında ”,  YAP Şuşa rayon  təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva “Ulu Öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər”,  Gənclər Birliyinin sədri Yapon Hacıyev  “Ulu Öndərin gənclər siyasəti” mövzularında çıxış etmişlər.
Məruzələr ətrafında  Millət vəkili Elman Məmmədov, Şuşa RİH-nin başçısının müavini, İdarə  Heyətinin üzvü Əkbər Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının  professoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai  Birliyinin Əlaqələndirmə  Şurasının sədri, Qarabağ araşdırmalar mərkəzinin rəhbəri Elçin Əhmədov,YAP Şuşa rayon təşkilatının İdarə Heyətinin  üzvü Ramiq Məhərrəmov çıxış etmişlər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar “Ən yaxşı təqdimat” müsabiqəsinin  respublika mərhələsinin qalibi, 12 nömrəli məktəbin IX sinif şagirdi  Aytac Cavadbəyli Ulu Öndərimizə həsr olunmuş şeir söyləmişdir.
Tədbirdə YAP sıralarına qəbul  olunmuş bir qrup gəncə üzvlük  vəsiqələri təqdim olunub, Ulu  Öndərin ad günü ilə bağlı keçirilmiş,  futbol, şahmat yarışlarının qalibləri, eyni zamanda  “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika  mərhələsinin qalibi  qiymətli  hədiyyələrlə mükafatalandırılmışdır.

Keçidlər