“Naxışlarda yaşayan Şuşa” adlı tədbir keçirilmişdir.
8 may tarixində saat 14:30-da Azərbaycan Xalça Muzeyində Şuşa şəhərinin işğalının 24-cü ildönümünə həsr olunmuş “Naxışlarda yaşayan Şuşa” adlı tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Xalça Muzeyinin Şuşa filialının hazırladığı “Naxışlarda yaşayan Şuşa” adlı tədbiri keçirtməkdə məqsədi, Azərbaycanın dilbər guşəsi, qədim, tarixi diyarımız olan Qarabağın işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini ictimaiyyətə çatdırmaq idi.
İlk olaraq tədbiri Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq 1985-ci ildə Şuşada yaradılan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialının işğal zamanı xilas edilmiş eksponatlardan ibarət hazırlanmış kataloqu qonaqlara təqdim etmişdir.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva mövzu ilə bağlı çıxış edərək Şuşanın tarixindən, onun azərbaycan mədəniyyətinə verdiyi tövhələrdən danışmışdır. Həmçinin tədbirdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının eksponatlarını işğal ərəfəsində Şuşadan necə və hansı şəraitdə çıxarılaraq xilas edilməsi barədə əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Şuşa şəhər Mədəniyyət və Turizm idarəsinin müdiri Zahid Abbasov və Şuşa filialının keçmiş müdiri Hicran Əliyeva öz təəsüratlarını bölüşmüşlər.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Şuşa Musiqili Dram teatrının aktyorları Şükufə Musayeva (Xan qızı Natəvan), Nazir Rüstəmov (Fətəli şah), Mətanət Eres (Ağabəyim ağa) və Rasəf Mehdiyevin (Molla Pənah Vaqif) iştirakı ilə, rejissor Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllərin fəryadı” adlı tamaşasından bir səhnə təqdim edilmişdir. Tədbirin sonunda Şuşa Rəsm Qalereyasının direktoru, rəssam Rövşən Bayramovun “Şuşa xatirələri” adlı rəsm sərgisi də tədbir iştirakçılarına təqdim edilmişdir. Muzeyin bələdçiləri tədbir iştirakçılarını hazırda fəaliyyətini Azərbaycan Xalça Muzeyində davam etdirən Şuşa filialının 3-cü mərtəbədə sərgilənən eksponatları ilə tanış edilmişdir.